
Hüquqinfo.az bildirir ki,
Amerikalı avtomobil istehsalçıları ABŞ Prezidenti Donald Trampı Çin avtomobillərinin ölkəyə idxalını qadağan etməyə çağırıblar.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə "Bloomberg" avtomobil sənayesinin iri şirkətlərindən ibarət geniş koalisiyanın müraciətinə istinadən məlumat yayıb.
Ağ Ev rəhbərinə göndərilən məktubda bildirilib ki, Çinin ABŞ avtomobil bazarına çıxışını faktiki olaraq məhdudlaşdıran mövcud maneələr ədalətli rəqabətin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktub müəlliflərinin fikrincə, Çin şirkətlərinin ABŞ ərazisində istehsal müəssisələri açması da administrasiyanın emal sənayesində iş yerlərinin yaradılması və milli təhlükəsizliyin təmin olunması ilə bağlı planlarının həyata keçirilməsinə kömək etməyəcək.
Məktubu yerli avtomobil istehsalçılarının, o cümlədən "Ford" və "General Motors"un, eləcə də xarici şirkətlərin, məsələn, "Toyota" və "Volkswagen"in maraqlarını müdafiə edən "Alliance for Automotive Innovation" təşkilatının nümayəndələri imzalayıblar. Digər imzaçılar arasında "Autos Drive America", Amerika Avtomobil Siyasəti Şurası və Milli Avtomobil Dilerləri Assosiasiyası da yer alıb.
Nəşrin yazdığına görə, bu qurumların narahatlığı Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə qarşıdakı görüşü, həmçinin ABŞ prezidentinin Çin avtomobil şirkəti BYD Co.-ya amerikalı işçiləri işə götürməsi şərtilə ABŞ-da elektromobil istehsalına icazə verə biləcəyi barədə açıqlamaları ilə bağlı olub.
Agentlik xatırladıb ki, hazırda Çin avtomobilləri yüksək gömrük rüsumları və ABŞ Ticarət Nazirliyinin tətbiq etdiyi qadağa səbəbindən Amerika bazarından böyük ölçüdə sıxışdırılıb.









