
Hüquqinfo.az bildirir ki,
bp Mərkəzi Azəri platformasında həyata keçirdiyi Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsini uğurla tamamlayıb. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20% artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.
Layihə üzrə dənizdə işlərin icrasına 2026-cı ilin yanvar ayında başlanılmış və layihə sentyabr ayında təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanmışdır. Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilmişdir.
Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilmişdir. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilmiş və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanmışdır.
CAGE layihəsi layların idarə olunmasının gücləndirilməsini dəstəkləməklə Azəri-Çıraq-Günəşli yatağından neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi səylərinə töhfə verir.









