
Hüquqinfo.az bildirir ki,
“Dağ-mədən və metallurgiya sahəsinin inkişafına yönəlmiş 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı qısa müddət ərzində iddialı məqsədlərə nail olmağı hədəfləyir. Bu proqram Naxçıvanın mineral xammal potensialı və yataqların istismara cəlb olunması imkanlarını genişləndirəcək”.
Bunu Hüquqinfo.az-ya açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, kafedra müdiri Elnarə Seyidova deyib.
O bildirib ki, muxtar respublikada filiz yataqları ilə yanaşı, tikinti və sənaye üçün zəngin mineral xammal ehtiyatları mövcuddur: “Bu sərvətlərin iqtisadi dəyərini müəyyən etmək üçün bir sıra yataqlarda kəşfiyyat məlumatlarının yenilənməsinə ehtiyac var. Naxçıvan Muxtar Respublikası filiz və qeyri-filiz faydalı qazıntı ehtiyatları ilə seçilən bölgələrdəndir. Ərazidə 300-dən artıq yataq və təzahürün mövcud olduğu bildirilir”.
Elnarə Seyidovanın sözlərinə görə, bu proqram hər şeydən əvvəl muxtar respublikanın sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə eynilik yaradır: “Müşavirədə cənab Prezidentin vurğuladığı kimi, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılacaq. Bu istiqamətdə fəaliyyət həm dövlət xətti ilə – “AzerGold” vasitəsilə, həm də özəl sektorun iştirakı ilə reallaşdırılacaq. Düşünürəm ki, ilkin üstünlük geoloji məlumatı daha dolğun, infrastruktura yaxın və emal texnologiyası nisbətən aydın olan sahələrə verilə bilər. Əvvəllər istismar edilmiş Gümüşlü, Parağaçay, Ağdərə, Duzdağ və Darıdağ sahələrində mövcud məlumatların və qalıq ehtiyatların yenidən qiymətləndirilməsi məqsədəuyğundur. Qeyri-filiz yataqları arasında travertin, mərmər, əhəngdaşı, tikinti və üzlük daşı, inşaat gili və gəc yataqlarının mərhələli şəkildə istehsala cəlb olunması daha az mürəkkəb texnologiya tələb edə bilər. Bu yöndə qızıl və digər metallar üzrə Ordubad filiz rayonunda Ağyurd, Piyazbaşı, Şəkərdərə və Kələki yataqları qızıl, gümüş, mis və molibden baxımından perspektivli sahələr kimi də göstərilir. Şahbuzun Batabat və Zırnel sahələrində, həmçinin Culfanın Əlincəçay hövzəsində də qızıl filizləşməsi aşkarlanıb. Əlincəçay hövzəsindəki Başkəndçay səpinti qızıl yatağı ayrıca maraq doğurur. Bununla yanaşı, Culfa, Kəngərli və Babək rayonlarda travertin, tikinti və üzlük daşları, mərmər, əhəngdaşı, gəc, duz və inşaat gilləri geniş yayılıb. Qeyri-filiz xammalı tikinti materialları sənayesinin, daş emalı müəssisələrinin və yerli istehsal zəncirinin inkişafına xidmət edə bilər”.
Onun fikrincə, digər vacib istiqamət xarici investisiyaların muxtar respublikaya cəlb olunmasıdır ki, bunun üçün də Naxçıvanın kifayət qədər potensialı var. Belə ki, muxtar respublikanın geoloji quruluşu müxtəlif növ faydalı qazıntıların formalaşması üçün əlverişlidir.
“Yeni yataqların istismara verilməsi, sənaye infrastrukturunun inkişafı həm yerli, həm də beynəlxalq investorlar üçün yol açır. Bu layihənin digər regionlar kimi muxtar respublikanı da əhatə etməsi regionda iqtisadi canlanmanın güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Dövlət Proqramında ilkin üstünlük geoloji məlumatı daha dolğun, infrastruktura yaxın və emal texnologiyası nisbətən aydın olan sahələrə verilə bilər”, - dosent deyib.
Elnarə Seyidova əlavə edib ki, uzunmüddətli xammalın çıxarılması Naxçıvanda emal, xidmət, logistika və ixtisaslı məşğulluğu birləşdirən dayanıqlı dağ-mədən sənayesi zəncirini formalaşdıracaq. Eyni zamanda, gözləntilər real ehtiyat göstəricilərinə, bazar şəraitinə və ekoloji tələblərə əsaslanacaq: “Nəticə etibarilə, Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”ı Naxçıvanın mineral-xammal bazasında əhəmiyyətli inkişaf imkanları yaradır. Bu potensialın iqtisadi dəyərə çevrilməsi isə müasir geoloji məlumat, mərhələli investisiya, yerli emal nəzarətinin təmini təşkil edəcək”.









