
Hüquqinfo.az bildirir ki,
Asiya İnkişaf Bankı (ADB) "Bank Respublika" ASC ilə "AccessBank" QSC-nin birləşməsi başa çatdıqdan sonra da əməkdaşlığı davam etdirmək niyyətindədir.
Beynəlxalq institutdan vurğulanıb ki, ADB "AccessBank"ın səhmdarı rolunda çıxış edir və "Bank Respublika" ilə tərəfdaşlıq əlaqələrini qoruyub saxlayır.
"Biz iki bank strukturunun birləşməsindən sonra da "Bank Respublika"nın böyüməsinə və davamlı inkişafına kömək etmək niyyətindəyik", - ADB nümayəndəsi qeyd edib.
Xatırladaq ki, bu ay "Bank Respublika" ASC-nin "Access Bank" QSC-nin səhmlərini almasını nəzərdə tutan strateji əqdin əsas şərtləri təsdiqlənib. Əqdin şərtlərinə əsasən, "AccessBank"ın hazırkı səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının 25 %-ni təşkil edəcək yeni imtiyazlı səhmləri alacaqlar. Əqdin 2026-cı ilin noyabr ayına qədər bağlanması gözlənilir. ADB "AccessBank"da 19,9 %-lik paya sahibdir.
"AccessBank"ın digər səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), Avropa İnvestisiya Bankı (17,39 %), "responsAbility" (12,28 %), Niderland İnkişaf Bankı FMO (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE (2,78%), "Green for Growth" fondu (1,77 %), Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58 %) və "LFS Advisory GmbH"dir (0,13 %).
"Bank Respublika"nın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.









