










Hüquqinfo.az bildirir ki,
İtaliya texnologiya şirkətlərinin Azərbaycana və daha geniş regiona cəlb edilməsi istiqamətində iş aparılır.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı FSI (Fondo Strategico Italiano) şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamagnini bildirib.
Maurizio Tamagnini qeyd edib ki, FSI Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə uzun müddətdir əməkdaşlıq edir. Onun sözlərinə görə, tərəflər iqtisadi əlaqələri ənənəvi “Azərbaycan İtaliyaya qaz ixrac edir, Azərbaycan isə İtaliyaya investisiya yatırır” modelindən daha geniş müstəviyə çıxarmağa çalışırlar.
O bildirib ki, məqsədlərdən biri İtaliya şirkətlərinin texnologiya və təcrübəsinin Azərbaycana gətirilməsi, bununla da Azərbaycan və Mərkəzi Asiya ilə kontinental Avropa arasında daha sıx iqtisadi əlaqələrin yaradılmasıdır.
Maurizio Tamagnininin sözlərinə görə, bu istiqamətdə ötən ilin fevralında Azərbaycana böyük İtaliya biznes nümayəndə heyəti gəlib. Nümayəndə heyətinə daxil olan şirkətlərin ümumi bazar kapitallaşması 100 milyarddan çox olub, həmin şirkətlər isə ümumilikdə təxminən 300 min nəfəri işlə təmin edir.
O, Azərbaycanda artıq bir sıra iri İtaliya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edərək, ölkəyə daha çox İtaliya texnologiya şirkətinin gəlməsi üçün potensial olduğunu vurğulayıb.
Maurizio Tamagnini çıxışında Azərbaycanın makroiqtisadi göstəricilərinə də toxunub. O, xüsusilə dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə olmasını müsbət qiymətləndirib.
“Qərb iqtisadiyyatlarının əksəriyyətinin dövlət borcunun ÜDM-ə nisbətinin 6% olduğunu deyə bilməsini istərdim. Yerli borcu da daxil etsək, səxavətli yanaşaraq bunu 20% götürək. Bununla yanaşı, ehtiyatlar dörd aydan çox idxalı qarşılamağa imkan verir”, – deyə Maurizio Tamagnini bildirib.
O, Azərbaycanın iqtisadi idarəetmə nəticələrini yüksək qiymətləndirərək ölkənin bu baxımdan digər dövlətlər, o cümlədən Qərb ölkələri üçün nümunə ola biləcəyini bildirib.









