
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın Afrika dövlətlərinə birbaşa xarici investisiyalarının (BXİ) həcmi 2026-cı ildə əhəmiyyətli müsbət dinamika nümayiş etdirəcək və yüz milyonlarla dollar səviyyəsinə çatacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
O qeyd edib ki, belə artımın əsas amili Azərbaycan dövlət şirkətinin Kot-d'İvuar ərazisində enerji aktivinin alınması üzrə sentyabr ayında başa çatdırdığı sövdələşmə olacaq.
"Sentyabrda SOCAR-ın Kot-d'İvuarda aktiv əldə etməsi üzrə sövdələşmə başa çatıb. Bundan çıxış edərək, mənim gözləntilərimə görə, 2026-cı il üçün məlumatlar Azərbaycanın Afrikaya birbaşa xarici investisiyalarının nəzərəçarpacaq dərəcədə - yüz milyonlarla dollaradək artmasını nümayiş etdirəcək", - T.Köçərli vurğulayıb.
Onun sözlərinə görə, SOCAR Qərbi Afrika, Subsaxara regionu və Şimali Afrika bazarlarında daha mühüm mövqelər tutmağa çalışaraq, Afrika qitəsində fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi qarşısına məqsəd qoyub.
T.Köçərli qeyd edib ki, SOCAR bu regionda yeni kommersiya və investisiya perspektivlərinin müəyyən edilməsi istiqamətində fasiləsiz iş aparır:
"Biz ən azı SOCAR adından, daimi əsasda yeni imkanları öyrəndiyimiz Afrika bazarlarında – istər Qərbi Afrika, istər Subsaxara Afrikası, istərsə də Şimali Afrika olsun – daha fəal iştirak etmək niyyətindəyik".








