
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın enerjiyə dair əsas məqsədi ənənəvi sahədə olduğu kimi, zəngin bərpa olunan enerji potensialını da ixrac potensialına çevirməkdir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Azərbaycanda aparıcı qlobal şirkətlərlə birlikdə artıq irimiqyaslı "yaşıl enerji" layihələri icra olunur: "COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanmış saziş Mərkəzi Asiyadan "yaşıl enerji" dəhlizinin təməlini qoyub. Xəzər–Qara Dəniz–Avropa "Yaşıl Enerji" Dəhlizi isə bərpa olunan elektrik enerjisini Avropa bazarlarına çatdırmaq üçün nəzərdə tutulub. Aydındır ki, bu, investorlar üçün istehsal, ötürmə və enerji tutumlu sənaye sahələrində yeni imkanlar yaradır".
O bildirib ki, energetika sektoru yalnız enerji ilə məhdudlaşmır, eyni zamanda məlumat (data) axınını da formalaşdırır: "Bu kontekstdə əsas hədəf rəqəmsal qovşağa çevrilməkdir. Hazırda Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstan arasında çəkilən Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında yüksək ötürücülük qabiliyyətinə malik yeni rəqəmsal bağlantı yaradacaq. Azərbaycanın digər ərazilərinə artıq yatırılmış infrastruktura malik bağlantı ilə birlikdə bu, məlumat mərkəzləri (data-mərkəzlər) və süni intellekt infrastruktura investisiyaların cəlb edilməsinə kömək edən çox rəqabətədavamlı imkanlar təqdim edir".








