
Hüquqinfo.az bildirir ki,
Türkmənistanın "yaşıl enerji" resurslarını Transxəzər Yaşıl Enerji dəhlizi vasitəsilə ixrac edə bilər.
"Hüquqinfo.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, region faktiki olaraq tektonik dəyişikliklər yaşayır: "Tarixdə ilk dəfədir ki, Azərbaycan C5+ (Mərkəzi Asiya ölkələri) enerji nazirlərinin iclasının xüsusi qonağı və Məşvərət Şurasının üzvü olub və faktiki olaraq C5 formatını C6-ya çevirir. Bu, o deməkdir ki, siz bütün enerji əlaqəliliyini, layihələri, regionlararası sərhədüstü transmissiya təşəbbüslərini, Mərkəzi Asiya dövlətləri ilə tərəfdaşlığı nəzərdən keçirə bilərsiniz. Biz tarixdə ilk dəfə Mərkəzi Asiya ilə Azərbaycan arasında körpü inşa edirik. Söhbət Transxəzər Yaşıl Enerji dəhlizindən gedir. Hətta Sovet dövründə belə, Mərkəzi Asiya ilə Azərbaycanın enerji sistemləri arasında belə bir əlaqə olmayıb".
O.Zeynalov vurğulayıb ki, bu dəhliz uzun müddətdir ki, dondurulmuş digər layihələri də hərəkətə gətirə bilər: "Qazaxıstandan potensial tranziti nümunə göstərmək olar. Bu istiqamətdə yaxşı irəliləyişlər var, konsorsium səviyyəsində işlər gedir. Bundan başqa, Türkmənistanın "yaşıl resursları"nın potensial tranziti bunun bir hissəsi ola bilər. Düşünürəm ki, bu elektrik transmissiyası layihəsi ilə biz bu iki mühüm region – Azərbaycan və Mərkəzi Asiya arasında qapıları aça bilərik".








