
Hüquqinfo.az bildirir ki,
Qazaxıstan Orta Dəhliz üzrə yük daşımalarının təkcə Çin və Avropa arasındakı tranzit hesabına deyil, həm də marşrut boyu yerləşən ölkələrin istehsal etdiyi məhsulların daşınması sayəsində artacağına ümid edir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, dəhlizin infrastrukturunun inkişafı marşrut boyu yerləşən ölkələrə öz məhsullarını həm Çinə, həm də Avropaya çatdırmağa imkan verəcək.
"Bütün bunlar ticarəti təkcə Çindən Avropaya qədər deyil, həm də marşrut boyu artıracaq. Yəni dəhliz boyunca istehsal etdiyimiz məhsulları bu marşrutla həm Çinə, həm də Avropaya çatdıra biləcəyik", - A.Abildabekov deyib.
O qeyd edib ki, Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsini artırmaq üçün liman infrastrukturunu inkişaf etdirir. Onun sözlərinə görə, Aktau limanında lazımi infrastruktur artıq fəaliyyət göstərir, digər Qazaxıstan limanında isə hazırda modernləşdirilən əlavə terminal açılıb. Bundan əlavə, Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri aparılır.
A.Abildabekov, həmçinin beynəlxalq maliyyə institutlarının 1,4 milyard ABŞ dolları məbləğində zəmanət verdiyi, Qazaxıstanda dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi barədə məlumat verib.








