
Hüquqinfo.az bildirir ki,
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Agro Dairy şirkəti, Azərbaycan Biznesinin İnkişafı Fondu və Mərkəzi Avropanın ən iri aqrosənaye qruplarından biri olan "AGROFERT, a.s." arasında Ağdam Quşçuluq Layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Qarabağ bölgəsində aqrar sənayenin inkişafı istiqamətində həyata keçirilən strateji təşəbbüslərdən biridir.
Sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, "Agro Dairy" şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Niyazi Əmirbəyov, "AGROFERT, a.s." şirkətinin İdarə Heyəti sədrinin müavini Petr Çinqr və İdarə Heyətinin üzvü Libor Nemeçek imzalayıblar.
Anlaşma Memorandumu Ağdam rayonunda müasir standartlara cavab verən irimiqyaslı quşçuluq layihəsinin birgə həyata keçirilməsi istiqamətində tərəflər arasında strateji əməkdaşlığın əsaslarını müəyyən edir. Dövlət fondu, yerli investor və beynəlxalq aqrosənaye qrupunun bir araya gəldiyi bu tərəfdaşlıq layihənin miqyasını və uzunmüddətli perspektivini əks etdirir.
Layihənin reallaşdırılması Ağdam və ümumilikdə Qarabağ bölgəsinin zəngin aqrar potensialından səmərəli istifadə olunmasına, yüksək texnologiyalı istehsal gücünün yaradılmasına, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və regionda davamlı iqtisadi fəallığın təmin edilməsinə mühüm töhfə verəcək.
Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçiriləcək. Bu prioritetlər kənd təsərrüfatında məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılmasını, emal və ixrac imkanlarının genişləndirilməsini əhatə edir.
Beynəlxalq aqrosənaye bazarında geniş təcrübəyə malik "AGROFERT, a.s." ilə əməkdaşlıq quşçuluq sahəsində qabaqcıl Avropa istehsal təcrübəsinin, müasir texnologiyaların və idarəetmə standartlarının Azərbaycana gətirilməsi üçün geniş imkanlar yaradır.
"Ağdam Quşçuluq Layihəsi Agro Dairy üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu layihə ilə biz Qarabağın dirçəlişinə, ölkəmizin ərzaq təhlükəsizliyinə və yerli istehsalın gücləndirilməsinə töhfə verməyi qarşımıza məqsəd qoymuşuq. Beynəlxalq təcrübəni yerli potensialla birləşdirərək regionda uzunmüddətli və dayanıqlı dəyər yaradacaq, müasir standartlara cavab verən istehsal müəssisəsi formalaşdırmağı hədəfləyirik", – deyə "Agro Dairy" şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov bildirib.
Qeyd edək ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qlobal iqtisadiyyat, investisiya imkanları, enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur, insan kapitalı və digər istiqamətlər üzrə müzakirələr aparılır. Forum çərçivəsində Azərbaycan və xarici tərəfdaşlar arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 11 sənəd imzalanıb.








