
Hüquqinfo.az bildirir ki,
Bolqarıstan Xarici İşlər Nazirliyi korrupsiya şübhələri ilə əlaqədar ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri İvan Yordanovu geri çağırıb.
Qeyd olunub ki, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova səfiri təcili şəkildə geri çağıraraq vəzifəsindən azad edib, həmçinin Bolqarıstanın BƏƏ-dəki səfirliyinin fəaliyyətinin yoxlanılmasını tapşırıb.
"FOCUS" bu qərarı Bolqarıstanın daxili işlər naziri İvan Demerciyevin açıqladığı məlumatlarla əlaqələndirib. Onun sözlərinə görə, yol çəpərlərinin tədarükü üzrə dövlət müqavilələrinin böyük hissəsini əldə edən dörd şirkətin müqavilə qiymətləri 150 milyon levdən (89,5 milyon dollar) çox artırılıb.
Nəşrin məlumatına görə, həmin şirkətlərin siyasi xadimlərlə, o cümlədən BƏƏ-dəki səfirin atası ilə əlaqələri olub.
Vurğulanıb ki, vəsaitlərin bir hissəsi hər hansı fəaliyyət göstərməyən bir şirkətə köçürülüb. Daha sonra həmin pullardan deputat Delyan Peevskinin 36 uçuşunun maliyyələşdirilməsi üçün istifadə edilib və uçuşların ümumi dəyəri 5 milyon avronu keçib. "FOCUS"un məlumatına görə, sözügedən şirkət səfirin atasına məxsus olub.









