








Hüquqinfo.az bildirir ki,
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.
"Hüquqinfo.az"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Alimlər ağciyər xərçənginin ən geniş yayılmış növü olan adenokarsinomanın inkişafı ilə əlaqələndirilən EGFR T790M irsi genetik variantının təsirini araşdırıblar. Məlum olub ki, bu mutasiyanın daşıyıcılarında xəstəliyin inkişaf riski mutasiyası olmayan insanlarla müqayisədə təxminən 25 dəfə yüksəkdir.
Əlaqə xüsusilə heç vaxt siqaret çəkməyən insanlar arasında güclü olub. Bu qrupda mutasiyanın mövcudluğu ağciyər xərçəngi riskinin təxminən 62 dəfə artması ilə əlaqələndirilib. Müqayisə üçün, tədqiqatda siqaret çəkməyin riski təxminən 4 dəfə artırdığı müəyyənləşdirilib.
Tədqiqatın müəllifləri bildiriblər ki, mutasiyanın özü nadir hallarda şişin yaranmasına səbəb olur, lakin EGFR genindəki digər dəyişikliklərlə birlikdə xərçəngin inkişafına şərait yarada bilər.
Alimlər vurğulayıblar ki, ağciyər xərçəngi hallarının böyük əksəriyyəti hələ də siqaret çəkmə ilə əlaqəlidir. Bununla belə, irsi amillərin müəyyənləşdirilməsi bu vərdişi olmayan insanlarda xəstəliyin yaranma riskinin daha dəqiq qiymətləndirilməsinə kömək edə bilər.






