
Hüquqinfo.az bildirir ki,
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib.
Nazirlikdən Hüquqinfo.az-ya verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və DSX-nin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd DSX Sahil Mühafizəsinin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Sahil Mühafizəsinin əməkdaşları tərəfindən şərti yanğına ilkin müdaxilə edilib, FHN-in yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim olunub.










