










Hüquqinfo.az bildirir ki,
Türkiyə ABŞ ilə CAATSA sanksiyalarının ləğvi və S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin həlli istiqamətində danışıqlar aparır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib.
“Bildiyiniz kimi, CAATSA sanksiyaları xüsusilə müdafiə sənayesi sahəsində qarşımızda maneədir. Biz bunu aradan qaldırmağa çalışırıq. Buna səbəb olan S-400 məsələsinin həlli üçün də müəyyən yaradıcı ideyalar var”, – Fidan deyib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, tərəflər qarşılıqlı xoş niyyət əsasında müəyyən həll variantlarını həyata keçirməyə çalışırlar.
Türkiyə 2017-ci ildə Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” müqavilə üzrə tədarükün tamamlandığını açıqlayıb.










