










Hüquqinfo.az bildirir ki,
Gürcüstan və ABŞ nümayəndələri regional təhlükəsizlik mühiti və mövcud çağırışları, eləcə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Katibinin köməkçisinin müavini Endryu Lumis Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Görüşdə regiondakı təhlükəsizlik mühiti və çağırışlarla yanaşı, Gürcüstan və ABŞ hərbçilərinin beynəlxalq missiyalarda uzun illər ərzində birgə iştirakı, hərbi təlimlər və digər proqramlar barədə fikir mübadiləsi aparılıb.
E. Lumis Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili və Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze ilə də görüşüb.
Gürcüstan Müdafiə Nazirliyinin rəhbərliyi səfərin müdafiə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin, ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Kortni Ostrian və ABŞ hərbi attaşesi, polkovnik Conatan Adams da iştirak ediblər.









