










Hüquqinfo.az bildirir ki,
“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır”.
“Hüquqinfo.az” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, proqram qarşıdakı dörd il ərzində mineral resursların səmərəli istifadəsini, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini, hasilatla yanaşı emal və metallurgiya imkanlarının genişləndirilməsini, beləliklə, ölkə daxilində daha yüksək əlavə dəyərin yaradılmasını nəzərdə tutur.
“Sovet dövründə aşkar edilmiş strateji metal yataqlarının əhəmiyyətli hissəsi sonradan işğal altında qaldığından, həmin təbii sərvətlər Ermənistan tərəfindən qanunsuz istismar və talan edilib.
Dövlət Proqramının icrası ilə artıq xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda yeni bir dövr başlayır. Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir. Bildiyiniz kimi, Ağdərə rayonunun Canyataq kəndinin ərazisində yerləşən Dəmirli mis mədənində istismar işlərinə artıq başlanılıb, Kəlbəcər rayonunda yaxın dövrdə hasilatın başlanması nəzərdə tutulur. Zəngilan rayonunda mövcud ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün zəruri texniki və infrastruktur işləri görülür”, - Z.İbrahimov əlavə edib.
O bildirib ki, dövlət başçısının da vurğuladığı kimi, Qarabağla yanaşı, ətraf rayonlarda da böyük mineral resurs potensialı mövcuddur. Bu səbəbdən ən müasir geoloji texnologiyalar tətbiq edilməklə genişmiqyaslı kəşfiyyat işlərinə start verilib və yeni yataqların müəyyənləşdirilməsi hədəflənir: “Prezidentin vurğuladığı 3-cü coğrafi istiqamət, Naxçıvan Muxtar Respublikasıdır Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat kifayət qədər aparılmayıb. Bu bölgəmiz də yüksək mineral potensiala malikdir və burada geoloji kəşfiyyat işlərinin geniş şəkildə başlanması Dövlət Proqramının mühüm istiqamətlərindən biridir.
Sentyabrın 22-də keçirilmiş müşavirədə bu istiqamətlər üzrə Prezident tərəfindən konkret vəzifələr müəyyənləşdirildi. Xüsusilə, mövcud yataqların müasir üsullarla yenidən qiymətləndirilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, filizdən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması və sahəyə özəl investisiyaların cəlb edilməsi əsas istiqamətlər kimi diqqətə çatdırıldı”.








