










Hüquqinfo.az bildirir ki,
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistan Avropa bazarını əlçatan enerji ilə təmin edən əsas mərkəzlərə çevrilə bilər.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
"Azərbaycan və Mərkəzi Asiya ölkələri Orta Dəhliz vasitəsilə Avropanın və süni intellekt sənayesinin artan tələbatını ödəmək daxil olmaqla, əlçatan və şaxələndirilmiş enerji ilə təmin edən mühüm makroregional mərkəzlərdən birini formalaşdırmaq potensialına malikdir", - o qeyd edib.
Nazir müavininin sözlərinə görə, enerji infrastrukturunun modernləşdirilməsi kontekstində ümumi həcmi 8 QVt-a qədər olan yeni generasiya güclərinin işə salınması nəzərdə tutulur: "Bununla yanaşı, ötürülən elektrik enerjisinin təkcə fiziki həcmlərinə deyil, həm də enerji təchizatının çevikliyinin təmin edilməsinə, eləcə də regional enerji bazarları arasında qarşılıqlı axın mexanizmlərinin qurulmasına xüsusi diqqət yetirilir. Əsas prioritet - məhz bu çevikliyi və çoxvariantlılığı təmin etməkdir: söhbət təkcə elektrik enerjisinin şərqdən qərbə ixracından deyil, həm də regional tənzimləyici normaların xüsusiyyətləri nəzərə alınmaqla elektrik enerjisini lazımi saatlarda yönləndirməyə imkan verəcək bazarlararası mübadilədən gedir".





