
Hüquqinfo.az bildirir ki,
Regionlar arasındakı vaxt fərqi bərpa olunan enerji baxımından Azərbaycana mühüm üstünlük təmin edir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Azərbaycan Xəzər–Qara dəniz–Avropa təşəbbüsü, Azərbaycan–Türkiyə interkonnektoru, 3 dəhliz təşəbbüsü və s. təşəbbüslər də həyata keçirir: "Bu təşəbbüslər bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilir. Yəni onlar bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Çünki digər layihələrdəki tərəfdaşlarımızla danışıqlar apararkən onlar Mərkəzi Asiya dövlətləri ilə gələcək əlaqənin necə olacağını soruşurlar".
Nazir müavini bildirib ki, enerji məsələsində Azərbaycanın texniki üstünlüyü də var: "Regionlar arasında 3–4 saatlıq vaxt fərqi var ki, bu da dəyişkən bərpa olunan enerji mənbələri üçün böyük üstünlükdür. Düşünürəm ki, bu uzaq regionları - Mərkəzi Asiyanı, ortada əsas rol oynayan Azərbaycanı, Qara dənizi, Türkiyəni və bütünlüklə Yaxın Şərqi Avropa ilə bir-birinə bağlamaq ən böyük üstünlüklərdən biridir".









