
Hüquqinfo.az bildirir ki,
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın Bakıya səfəri maraq doğurub. O, paytaxtımızda IV Bakı Təhlükəsizlik Forumunda iştirak edib.
Axar.az Globalinfo.az-a istinadla Kristine Qriqoryanın kimliyi və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir:
Kristine Qriqoryan 27 avqust 1981-ci ildə Ermənistanın Sevan şəhərində anadan olub. O, hazırda Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəridir.
Maraqlı məqam odur ki, Qriqoryan klassik təhlükəsizlik sistemi əməkdaşı deyil. Onun əvvəlki karyerasının böyük hissəsi parlament, hüquq, ədliyyə və insan hüquqları sahələri ilə bağlı olub.
– Yerevan Dövlət Universiteti: Şərqşünaslıq, ərəbşünaslıq fakültələri (1998–2002), Ərəbşünaslıq üzrə magistratura (2002–2004)
K.Qriqoryan 2004-cü ildən Ermənistan dövlət sistemində müxtəlif vəzifələrdə çalışıb. Parlamentdə qanunvericiliyin təhlili ilə məşğul olub, daha sonra xarici əlaqələr və hüquqi məsələlər üzrə fəaliyyət göstərib. 2015-ci ildə Ermənistan Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq departamentinin rəhbəri olub. 2018–2019-cu illərdə isə baş nazirin birinci müavininin müşaviri və Ermənistan parlament sədrinin müşaviri kimi çalışıb.
2019-cu ilin iyulunda Qriqoryan Ermənistanın ədliyyə nazirinin müavini, 2021-ci ilin aprelində isə birinci müavini təyin edilib. 2022-ci ilin yanvarında isə Ermənistan parlamenti onu insan hüquqları müdafiəçisi, yəni Ombudsman seçib. Bu vəzifədə təxminən bir il çalışdıqdan sonra 2023-cü ilin yanvarında istefa verib.
Ermənistan hökumətinin məlumatına görə, Qriqoryan erməni dili ilə yanaşı rus, ingilis, fransız, alman və ərəb dillərini bilir.
Qriqoryanın rəhbərlik etdiyi Ermənistan Xarici Kəşfiyyat Xidməti yeni qurumdur. Onun əsas missiyası Ermənistan üçün xaricdən gələn təhdid və imkanları əvvəlcədən müəyyənləşdirmək və məlumatları hökumətə təqdim etməkdir.
Qriqoryanın 2025-ci ilin sentyabrında Ermənistan üçün hərbi təhdidlərin əvvəlki aylar və illərlə müqayisədə “çox aşağı” olduğunu bildirməsi diqqət çəkir. O bunu Vaşinqtonda əldə olunan Azərbaycan-Ermənistan razılaşmaları ilə əlaqələndirmişdi.
Qriqoryanın vəzifəyə başlamazdan əvvəl Qərbdə liderlik və xüsusi kəşfiyyat fəaliyyəti üzrə təlim keçdiyi barədə geniş yayılmış iddialar var. Məlumata görə, bu təlimlər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ya Britaniyanın MI6 kəşfiyyat xidməti ilə əlaqəli olub.
Hər iki qurumun yüksək vəzifəli şəxsləri, o cümlədən müvafiq qurumların rəhbərləri Bill Börns və Riçard Mur, həmin xidmətin 2022-ci ildə yaradılması ərəfəsində İrəvana dəfələrlə səfər ediblər.
Börns və onun müavini Devid S. Koen 2024-cü ildə yenidən İrəvana səfər edib. Mur isə 2023-cü ildə Münhen Təhlükəsizlik Konfransı zamanı Baş nazir Nikol Paşinyanla qapalı görüş keçirib.
2026-cı ildə “The Insider” Rusiya təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən Qriqoryanın Moskvadakı Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) təcrübə təklifini qəbul etmədiyini, əvəzində CIA-də təlim keçdiyini və amerikalıların Ermənistanın yeni xarici kəşfiyyat strukturunun yaradılmasına kömək etdiyini yazıb.










