
Hüquqinfo.az bildirir ki,
ADEX-2026-da Azərbaycanın mövcud istehsal imkanlarını nümayiş etdirmək üçün Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunu ilk dəfə milli ekspozisiyaya ayrılacaq.
Hüquqinfo.az" xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və Securex Caspian 2026 – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir:
"Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edəcək. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirəcəklər".
Onun sözlərinə görə, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti, "Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi" publik hüquqi şəxs və "MİRAS Hərbi-Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunacaq:
"Azərbaycanın Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək. Sərginin genişlənən miqyası onun əhatə etdiyi ekspozisiya sahəsində də özünü göstərir. ADEX Bakı Ekspo Mərkəzinin qapalı sərgi sahəsi ilə yanaşı, açıq sərgi sahəsini də əhatə edir. Açıq sərgi sahəsində Müdafiə Nazirliyi, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi, "VLand Systems" MMC, "Improtex", "AZDEF" və "Exclases Holdings Limited" şirkətləri böyük stendlərlə iştirak edərək ən son texnologiya və həllərini nümayiş etdirəcək".
ADEX 2026 sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsalting, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, video nəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunacaq.










