
Hüquqinfo.az bildirir ki,
Bakı şəhər həlqəsi 10 il ərzində "Formula 1"in ən parlaq, tanınan və gözlənilməz traslarından birinə çevrilib. Burada yüksək sürətlə keçilən yerlər orta əsr qala divarlarının yanındakı dar döngələrlə bir arada yerləşir.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Britaniyanın T-VINE nəşrinin Azərbaycan paytaxtında keçirilən "Formula 1" yarışlarının onilliyinə həsr olunmuş məqaləsində qeyd olunub.
Nəşrdə bildirilib ki, sentyabrın sonunda dünyanın ən sürətli pilotları Azərbaycan Qran-prisi çərçivəsində yenidən Bakının heyranedici küçələrinə çıxacaqlar.
Əsas yarış sentyabrın 26-sı, şənbə günü - ənənəvi bazar günü vaxtından bir gün əvvəl baş tutacaq. Azərbaycanda sentyabrın 27-də qeyd olunan Anım Günü ilə əlaqədar yarış həftəsonunun cədvəli başqa vaxta keçirilib.
2026-cı ildə "Formula 1"in Bakıda keçirilməsindən 10 il ötür. 2016-cı ildə şəhər Avropa Qran-prisini qəbul edib, artıq növbəti mövsümdən isə mərhələ Azərbaycan Qran-prisi adı altında keçirilməyə başlanıb.
"6 km uzunluğuna malik Bakı şəhər trası "Formula 1"in ən bənzərsiz məkanlarından birinə çevrilib", - məqalədə vurğulanıb.
Marşrut Azərbaycan paytaxtının mərkəzindən - tarixi İçərişəhərin yanından və Xəzər dənizi sahili boyu keçir. Pilotlar Bakının orta əsr qala divarları yaxınlığındakı son dərəcə dar yerləri dəf edir, bundan sonra "Formula 1"-də qaz pedalı tam basılmış vəziyyətdə keçilən ən uzun hissələrdən biri olan 2,2 kilometrlik yolda sürətlənirlər.
T-VINE qeyd edib ki, dar döngələrin, yüksək sürətin və trasa çox yaxın yerləşən qoruyucu baryerlərin bir araya gəlməsi Bakının dramatik və gözlənilməz yarışların keçirildiyi məkan kimi tanınmasına səbəb olub. Azərbaycan mərhələsi nisbətən qısa tarixində maraqlı və gözlənilməz nəticələrlə yadda qalıb.
Qarşıdan gələn Azərbaycan Qran-prisinə "Mercedes" pilotu Kimi Antonelli fərdi hesabın lideri kimi gələcək. Cari mövsümdə 20 yaşlı yarışçı 8 qələbə qazanıb və 292 xal toplayıb.
Madriddə İspaniya Qran-prisindəki qələbəsindən sonra Antonelli komanda yoldaşı Corc Rasselli 81 xal qabaqlayır.
Azərbaycan mərhələsinin hazırkı qalibi Maks Ferstappen də Bakıya qayıdacaq. 2025-ci ildə o, yarışa ilk sıradan başlayıb və bütün yarış boyu liderliyini qoruyub.








