
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat bağlantısında mühüm rol oynayır.
Hüquqinfo.az xəbər verir ki, bunu energerika nazirinin müavini Orxan Zeynalov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirədə deyib.
O bildirib ki, gələcəkdə qlobal və regional iqtisadi əlaqələrdə mühüm dəyişikliklər baş verir və Azərbaycan bu prosesdə Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər.
“Bütün enerji bağlantısı layihələrini, regional və transsərhəd enerji ötürülməsi təşəbbüslərini, eləcə də Mərkəzi Asiya dövlətləri ilə tərəfdaşlığımızı vahid çərçivədə nəzərdən keçirə bilərik”, - deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ilə ölkə arasında bağlantıların gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir: “Məsələn, biz Mərkəzi Asiya ilə Azərbaycan arasında bir körpü qururuq. Bu, Transxəzər logistika dəhlizidir. Bu dəhliz həmçinin Mərkəzi Asiyanın enerji sistemi ilə əlaqələndirilə bilər”.
Nazir müavini qeyd edib ki, Azərbaycan hazırda enerji və nəqliyyat konnektivliyinin inkişafı istiqamətində bir sıra digər təşəbbüsləri də həyata keçirir.
“Bütün bu təşəbbüslər əsasən konnektivlik məsələsinə yönəlib. Bu o deməkdir ki, onlar bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayırlar”, - deyə O. Zeynalov vurğulayıb.
Nazir müavini Orta Dəhlizin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Mərkəzi Asiyadan Azərbaycana, oradan isə Qara dəniz vasitəsilə Avropaya uzanan bağlantılar regional iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. “Xarici işlər nazirinin təqdimatında da göstərdiyi kimi, Orta Dəhlizin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Orta Dəhlizin əhəmiyyəti getdikcə daha da artır”, - deyə Orxam Zeynalov bildirib.
O əlavə edib ki, Azərbaycan ənənəvi enerji sahəsinə investisiyaları davam etdirməklə yanaşı, yaşıl enerji və enerji dəhlizlərinin inkişafına da xüsusi diqqət yetirir.
“Enerji təhlükəsizliyinə xələl gətirmədən yaşıl dəhlizlərə də investisiya qoyuruq. Növbəti altı il ərzində 8 giqavat gücündə yaşıl enerji istehsalı yaratmaq planımız var. Bu enerji bütün dəhliz layihələrinin inkişafına töhfə verəcək”, - Orxan Zeynalov deyib.
Nazir müavini bildirib ki, Azərbaycan enerji layihələri ilə yanaşı, rəqəmsal infrastruktur və texnologiya sahəsində də beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirir.
“Biz iri texnologiya şirkətləri və ABŞ şirkətləri ilə də sıx əlaqə saxlayırıq”, - deyə Orxan Zeynalov əlavə edib.







