
Hüquqinfo.az bildirir ki,
Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan BMT Təhlükəsizlik Şurası üzvlərinin təşkilatın növbəti baş katibi vəzifəsinə namizədlərlə bağlı keçirdiyi qeyri-rəsmi səsvermədə yenidən ilk sıraya çıxıb.
"Hüquqinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, cümə günü keçirilən üçüncü qapalı sorğuda Qrinspan 9 "lehinə", 5 "əleyhinə" səs alıb, bir nümayəndə isə mövqeyini açıqlamayıb.
Bu, Antonio Quterreşin xələfinin müəyyənləşdirilməsi prosesi çərçivəsində BMT Təhlükəsizlik Şurası üzvləri arasında keçirilən üçüncü qeyri-rəsmi sorğu olub. İyul ayında keçirilən ilk səsvermədə də Qrinspan ən çox dəstəyi əldə edib. Avqust ayında baş tutan ikinci turda isə Qayana nümayəndəsi Karolin Rodriqes-Birkett cüzi fərqlə önə çıxıb.
Ümumilikdə BMT-nin növbəti baş katibi postuna yeddi namizəd mübarizə aparıb. Antonio Quterreşin ikinci beşillik mandatı 2026-cı ilin sonunda başa çatacaq.
BMT Təhlükəsizlik Şurasının yaxın həftələrdə namizədlərlə bağlı daha bir neçə qeyri-rəsmi sorğu keçirməsi gözlənilir. Təşkilatın rəsmi namizəd siyahısında Rafael Qrossi (Argentina) – Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru, Rebeka Qrinspan (Kosta-Rika) – BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri, Maki Sall (Seneqal) – Seneqalın keçmiş prezidenti, Mariya Fernanda Espinosa Qarses (Ekvador) – BMT Baş Assambleyasının keçmiş prezidenti, Karolin Rodriqes-Birkett (Qayana) – Qayananın BMT-dəki daimi nümayəndəsi, İvon A-Baki (Ekvador) – diplomat və Olara Otunnu (Uqanda) – Uqandanın keçmiş xarici işlər rəhbəri yer alıb.
Antonio Quterreşin ikinci beşillik mandatının başa çatmasından sonra yeni baş katibin 2027-ci ildən etibarən BMT-yə rəhbərlik etməsi gözlənilir.






