
Hüquqinfo.az bildirir ki,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin bölgələrindən birində ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə start verib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mirziyoyevin ölkənin qərbində yerləşən Qaraqalpaqıstana səfəri çərçivəsində keçirilən mərasimdə xarici tərəfdaşların iştirakı ilə ümumi dəyəri 7 milyard dollar olan 47 yeni layihənin tikintisinə başlanılıb. Layihələr enerji, sənaye, nəqliyyat, tibb, rəqəmsal iqtisadiyyat və xidmət sahələrini əhatə edib.
Layihələrdən biri Səudiyyə Ərəbistanı ilə birgə həyata keçirilib. Bölgənin rayonlarından birində gücü 1,5 giqavat olan külək elektrik stansiyasının tikintisinin aktiv mərhələsinə başlanılıb. Çinli tərəfdaşlarla isə ümumi dəyəri təxminən 2,3 milyard dollar olan rəqəmsal valyutanın istehsalı və süni intellekt üçün məlumat emalı mərkəzlərinin yaradılması layihələri həyata keçirilib. Bundan başqa, yataqlardan birində 20 milyon dollar dəyərində qızıl hasilatı müəssisəsinin yaradılması nəzərdə tutulub.
Prezident həmçinin ümumi dəyəri 592 milyon dollar olan 11 yeni obyektin fəaliyyətə başlamasına start verib. Bu obyektlər arasında ümumi gücü 300 meqavat olan iki külək elektrik stansiyası, gücü 100 meqavat olan enerji saxlanc sistemi, Səudiyyə Ərəbistanı ilə birgə inşa edilmiş 27 milyon dollar dəyərində 100 çarpayılıq xəstəxana və digər layihələr yer alıb.
Məlumata görə, son doqquz il ərzində Qaraqalpaqıstanın ümumi regional məhsulu altı dəfədən çox artıb. Belə ki, göstərici 8,5 trilyon Özbəkistan somundan, təxminən 718,3 milyon dollardan, 54 trilyon soma, yəni 4,5 milyard dollardan çoxa yüksəlib. Eyni dövrdə bölgəyə 5 milyard dollardan artıq xarici investisiya cəlb edilib.






