
Hüquqinfo.az bildirir ki,
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub.
“Hüquqinfo.az”nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Araşdırmalar zamanı məlum olub ki, Əhməd 2008-ci ildə Zülfiyyə adlı qadınla ailə həyatı qurub. Onların 2 övladı dünyaya gəlib. Lakin sonradan boşanıblar.
Qadın aliment tələbi ilə məhkəməyə müraciət edib və geridə qalan müddət üçün 9668 manat alimen borcu toplanıb. Lakin Əhməd ilk aydan aliment ödəməkdən imtina edib. Bu səbəbdən 2021-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmə qərarının qəsdən icra edilməməsi) maddəsi ilə iş açılıb. O, 1 il həbsə məhkum edilib və 2022-ci ildə azadlığa çıxıb.
Bundan sonra icra məmuru Əhmədə aliment borcunu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, o, yenə pul ödəmək istəməyib. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 528-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsinə əsasən əvvəlcə 10 gün, daha sonra isə 15 gün müddətinə həbs edilib.
Bütün bunlara baxmayaraq, Əhməd aliment ödəməkdən qərəzli şəkildə imtina etməyə davam edib.
Bu səbəbdən ona növbəti dəfə 306-cı maddə üzrə cinayət işi açılıb. İş baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmədə Əhməd borcundan 4 min manat ödəmək qabiliyyətində olduğunu deyib. Lakin onun keçmiş xanımı borc kimi toplanan bütün məbləği ödəməsini tələb edib.










