
Hüquqinfo.az bildirir ki,
Almaniya Futbol İttifaqının (DFB) prezidenti Hans-Yoahim Vatske FIFA prezidenti Canni Infantinonun vəzifəsini tərk etməli olduğunu bildirib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə DFB rəhbəri jurnalistlərə açıqlamasında deyib.
O, İnfantinonun istefasının hər hansı şərt və istisna olmadan baş verməli olduğunu söyləyib.
Hans-Yoahim Vatske FIFA Sülh Mükafatının təsis edilməsi və ABŞ prezidenti Donald Trampa təqdim olunması ilə bağlı qərarı da tənqid edib. O, mükafatın Infantino tərəfindən yaradıldığını və qalibin seçilməsi ilə bağlı qərarın da FIFA rəhbərinin özü tərəfindən verildiyini bildirib. Vatskenin sözlərinə görə, belə bir qərarın heç bir müzakirə və müvafiq prosedur olmadan qəbul edilməsi yolverilməzdir.
Federasiya rəhbəri həmçinin, ABŞ millisinin hücumçusu Folarin Baloqunun dünya çempionatı zamanı aldığı qırmızı vərəqənin ləğv edilməsi məsələsinə toxunub. O bildirib ki, futbolçunun meydandan qovulmasından sonra dövlət başçısının FIFA prezidentinə zəng etməsi və bunun ardınca hakimin qərarının ləğv olunması qəbuledilməzdir.
Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən FIFA-nın növbədənkənar Konqresində prezident olub. O, daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib.
FIFA prezidentinə növbəti seçkilərin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır.










