










Hüquqinfo.az bildirir ki,
Bakı Fond Birjası (BFB) London Stock Exchange Group (LSEG) ilə texnologiya və təcrübə mübadiləsi, depozitar sistemlərin əlaqələndirilməsi, həmçinin gələcəkdə ikili listinq imkanlarının yaradılması istiqamətində müzakirələr aparır.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində panel müzakirəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Ruslan Xəlilov qeyd edib ki, LSEG ilə artıq ikinci raund müzakirələr aparılır. Danışıqlar texnologiya və təcrübə transferi, depozitarların əlaqələndirilməsi, həmçinin mümkün çarpaz və ikili listinqlər üçün tənzimləyici və qanunvericilik bazalarının uyğunlaşdırılması məsələlərini əhatə edir.
Ruslan Xəlilovun sözlərinə görə, Azərbaycan da daxil olmaqla region ölkələrinin maliyyə sektorunda banklar dominant mövqeyə malikdir. Əhalinin yığımlarının idarə edilməsində isə dövlət pensiya sistemi əsas rol oynayır. Mövcud pensiya sistemi müəyyən edilmiş ödənişlərə əsaslanır və müəyyən edilmiş yığımlara əsaslanan sistem deyil. Bu səbəbdən kapital bazarının həm tələb, həm də təklif tərəfində inkişaf etdirilməli istiqamətlər mövcuddur.
Ruslan Xəlilov bildirib ki, hazırda Azərbaycanın kapital bazarında əsas pay dövlət istiqrazlarının üzərinə düşür. Bununla yanaşı, Mərkəzi Bankın notları və repo əməliyyatları, eləcə də real sektorun istiqraz bazarında müəyyən iştirakı mövcuddur.
Ruslan Xəlilov son iki ildə Azərbaycanda iki IPO-nun keçirildiyini və bunun yerli səhm bazarı üçün mühüm mərhələ olduğunu vurğulayıb. Bununla belə, səhm bazarının inkişafının davam etdirilməsinə ehtiyac var.
Bakı Fond Birjasının əsas prioritetləri sırasında bazara çıxışı təmin edən texnologiya və infrastrukturun inkişaf etdirilməsi, şəffaf və etibarlı bazarın formalaşdırılması, investorların cəlb edilməsi, həmçinin maliyyə savadlılığının və kapital bazarı barədə məlumatlılığın artırılması yer alır.
Ruslan Xəlilov qeyd edib ki, BFB beynəlxalq əlaqələrini də genişləndirir və bu çərçivədə Abu Dabi Qiymətli Kağızlar Birjası ilə də əməkdaşlıq edir.
Ruslan Xəlilov Böyük Britaniya ilə əməkdaşlıqda investisiya bankçılığı təcrübəsinin Azərbaycana gətirilməsini vacib hesab edir. Onun sözlərinə görə, Azərbaycanın iri şirkətləri hazırda Böyük Britaniyanın investisiya banklarına birbaşa maliyyələşmə və ya avroistiqrazların yerləşdirilməsi üçün müraciət edə bilir ki, bu zaman yerli kapital bazarı prosesdən kənarda qala bilər.
Ruslan Xəlilov hesab edir ki, Böyük Britaniyanın investisiya bankçılığı təcrübəsinin, birja texnologiyalarının və çoxtərəfli ticarət sistemləri üzrə biliklərin Azərbaycana transferi yerli kapital bazarı vasitəsilə maliyyələşmənin və ikili listinq imkanlarının genişlənməsinə şərait yarada bilər.
Ruslan Xəlilov Azərbaycanın bir sıra aparıcı şirkətlərinin London da daxil olmaqla beynəlxalq kapital bazarlarında investorlar üçün maraqlı ola biləcəyini və Azərbaycanın da ikili listinq istiqamətində irəlilədiyini bildirib.







