









Hüquqinfo.az bildirir ki,
Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas dayaqlarından biridir.
Hüquqinfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.
O bildirib ki, Transxəzər bağlantısı üzərində artıq on ildən çoxdur iş aparılır: “Bakının illik 15 milyon ton yükötürmə qabiliyyətinə malik limanı var və bu gücün 25 milyon tona çatdırılması üçün genişləndirmə işləri aparılır”.
Taleh Ziyadovun sözlərinə görə, regionda nəqliyyat infrastrukturunun inkişafı biznes üçün yeni əlaqələr və imkanlar yaradır: “Enerji, rəqəmsal bağlantı və investisiyalar regional əməkdaşlığın əsas dayaqları olacaq. Orta Dəhlizin səmərəli fəaliyyəti üçün sərhəd və gömrük prosedurlarının, eləcə də tariflərin uyğunlaşdırılması vacibdir”.
O qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 53 faiz artaraq təxminən 1,8 milyard dollara çatıb: “Bunun daha da genişləndirilməsi üçün böyük imkanlar var və Azərbaycan ayrı-ayrılıqda bu ölkələrin hər biri ilə məhz bunun üzərində çalışır. İnvestisiya əməkdaşlığı regional iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan Özbəkistan, Qazaxıstan və Tacikistanla ikitərəfli investisiya mexanizmləri yaradıb. Təcrübə göstərir ki, bunlar regionumuzda ikitərəfli və birgə investisiyalar üçün maraqlı platformalar və imkanlar yaradır”.
Taleh Ziyadov vurğulayıb ki, davamlı regional inteqrasiya üçün infrastrukturla yanaşı, qarşılıqlı etimad və proqnozlaşdırıla bilən investisiya mühiti də vacibdir.







