










Hüquqinfo.az bildirir ki,
"Azəristiliktəchizat" ASC Bakıda istilik təchizatı infrastrukturunun yenidən qurularaq müasir tələblərə çatdırılması istiqamətində yeni məhəllə qazanxanalarının tikilməsi ilə bağlı layihəyə start verib.
Məlumata görə, paytaxtın mövcud istilik təchizatı sxeminə əsasən Xətai rayonu, Yeni Əhmədli qəsəbəsində 200-dən yuxarı çoxmənzilli yaşayış binası, o cümlədən 20 minə yaxın mənzil, 18 təhsil, 6 səhiyyə və 65 digər sosial obyektin istilik təchizatı "Azəristiliktəchizat" və "Azərenerji" ASC arasında bağlanmış müqavilə əsasında Bakı İstilik Elektrik Mərkəzindən (Bakı İEM) alınan istilik enerjisi hesabına təmin edilir.
Bakı İEM-dən alınan istilik enerjisi mərkəzdən çıxan magistral istilik xətti vasitəsi ilə istilik enerjisinin paylanması və tənzimlənməsi funksiyasının yerinə yetirən və hazırda istismarda olan 15 ədəd istilik məntəqəsi və 1 yüksəldici nasos stansiyasına, oradan isə məhəllə daxili istilik xətləri vasitəsi ilə istehlakçılara çatdırılır.
"Azərenerji" Bakı İEM-in fəaliyyətini dayandırmaq istədiyi üçün Mərkəzdən qidalanan istilik təchizatı infrastrukturunun yenidən qurularaq müasir tələblərə cavab verən məhəllə qazanxanalarının tikilməsi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu ilə Energetika Nazirliyi arasında bağlanmış müqaviləyə əsasında institut 16 obyekt üzrə tikinti (yenidənqurma) layihələri hazırlayıb.
Mövcud istilik paylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının yenidən qurulmaqla müasir tipli qazanxanaya çevrilməsi ilə bərabər məhəllədaxili istilik xətlərinin də layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi zəruri hesab edilib.
2026-cı il investisiya proqramına uyğun olaraq "Azəristiliktəchizat" qeyd edilən layihə çərçivəsində Xətai rayonu, Gəncə prospektində iki istilik məntəqəsinin modernləşdirilməsi və yenidən qurulması işlərinə başlanılıb.
Bundan başqa, uzun müddətli istismar edilən köhnə tipli qazanxanaların modernləşdirilməsi layihəsi çərçivəsində Yasamal rayonunda 129 saylı qazanxananın modernləşdirilməsi işlərinə başlanılıb. Yenidən qurulan və modernləşdirilən qazanxanaların ümumi gücü 18 Qkal/saat olmaqla ümumilikdə 46 yaşayış binası, 3 uşaq bağçası, 2 səhiyyə və 20-dən artıq digər obyektlərin yüksək keyfiyyətli və dayanıqlı istilik təchizatının təmin edilməsinə imkan verəcək.
Uzun müddətli istismar edilən köhnə tipli qazanxanaların modernləşdirilməsi layihəsi çərçivəsində 2024-cü ildə 5 qazanxana, 2025-ci ildə 7 qazanxana tam şəkildə modernləşdirilərək istismara verilib və bu qazanxanalardan 106 yaşayış binası, 16 təhsil və səhiyyə müəssisəsi istiliklə təmin edilir. İşlərin yeni istilik mövsümünə qədər başa çatdırılması nəzərdə tutulur.







