
Hüquqinfo.az bildirir ki,
Bakı Ali Neft Məktəbində (BANM) institusional akkreditasiya şəhadətnaməsinin təqdim olunması münasibətilə tədbir keçirilib.
“Hüquqinfo.az” xəbər verir ki, tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Agentliyin və BANM-in nümayəndələri iştirak ediblər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi akkreditasiyanın nəticələrinə əsasən Bakı Ali Neft Məktəbi institusional akkreditasiyadan uğurla keçərək növbəti 5 il müddətinə akkreditasiya olunub.
Akkreditasiya şəhadətnaməsinin təqdim olunması münasibətilə keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov institusional akkreditasiyanın ali məktəbin fəaliyyətinin keyfiyyət standartlarına uyğunluğunun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Rektor bildirib ki, əldə olunan nəticə Bakı Ali Neft Məktəbinin təhsilin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində apardığı fəaliyyətin göstəricisidir.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında institusional akkreditasiyanın ali təhsil müəssisələrinin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsi və keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, BANM-in akkreditasiya prosesindən uğurla keçməsini ali məktəbin keyfiyyət təminatı sahəsində həyata keçirdiyi sistemli fəaliyyətin nəticəsi kimi dəyərləndirib.
Daha sonra Bakı Ali Neft Məktəbinin institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub.









