
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın 18 və 22 yaşadək çimərlik voleybolçularından ibarət millilərinin Avropa çempionatındakı nəticələri ürəkaçan olmasa da, göstərdikləri oyun keyfiyyətlidir.
Bu barədə "Hüquqinfo.az"a açıqlamasında çimərlik voleybolu üzrə Azərbaycan millisinin baş məşqçisi Atvars Vilde deyib.
Mütəxəssis 22 yaşadək voleybolçuların Avropa çempionatındakı çıxışını dəyərləndirib:
"İtaliyadakı güclü çıxışdan və əla nəticələrdən sonra komandalar 22 yaşadək voleybolçulardan ibarət Avropa çempionatı üçün Madridə gəldilər. Həm oğlan, həm də qız komandaları üçün iki ağır məğlubiyyət oldu. Gözlədiyimiz nəticə deyildi, amma unutmamalıyıq ki, heyət üzvləri bu yarışdakı komandaların əksəriyyətindən 2-3 yaş kiçikdir. Nəticələrdən məmnun qalmadıq, amma oyunun keyfiyyəti ilə fəxr edə bilərik. Səviyyə meydanda keçirdiyimiz hər dəqiqə, hər xal, hər set və hər matçla artmağa davam edir. Bu çempionat hazırkı səviyyəni anlamaq və ölçmək, gələcək üçün nələrin üzərində işləməli olduğumuzu görmək üçün əla təcrübədir. Bu, həm də komanda üçün mentalitet, texniki bacarıqlar və ümumi oyun performansı baxımından çox dəyərli bir təcrübə idi".
Mütəxəssis həmçinin 18 yaşadək voleybolçuların Avropa çempionatındakı çıxışına toxunub:
"18 yaşadək çimərlik voleybolu turniri Azərbaycanın yüksələn çimərlik voleybolu gəncləri üçün ilk Avropa sınağı idi. Meydanda göstərilən performansdan çox məmnunam. Hər komandaya qarşı mübarizə apara biləcəyimizi sübut etdik - bu döyüşləri qələbəyə çevirmək üçün sadəcə oyun təcrübəsini artırmalıyıq. Bununla komandaların Avropa yarış səyahətini başa vururuq. Komanda ilə və çimərlik voleybolu dünyasında getdikcə daha da güclənmək üçün atılan addımlarla fəxr edirəm. Bütün komanda heyətinə - böyük çimərlik voleybolu ailəsinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Azərbaycanın həm oğlanlardan, həm də qızlardan ibarət U-22 komandası İspaniyanın paytaxtı Madriddə, U-18 isə Türkiyənin İzmir şəhərində təşkil olunan Avropa çempionatında çıxış edib. Komandalar təsnifat mərhələsində mübarizəni dayandırıb.








