
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın minilliklərə söykənən zəngin dövlətçilik ənənəsi tarixin ən mürəkkəb sınaqlarından keçərək formalaşıb. Bu möhtəşəm ənənənin zirvə nöqtələrindən biri məhz XII əsrdə qurulan Eldəgizlər (Azərbaycan Atabəyləri) dövlətidir. Həmin dövr Azərbaycanın təkcə mədəni intibahının deyil, həm də dövlətçilik iradəsinin və siyasi gücünün bütün Yaxın Şərqə bəyan edildiyi tarixi mərhələsidir.
Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət yüksək səviyyəli nümayəndə heyətini qəbul edərkən də Qafqaz Albaniyasının və Atabəylər dövlətinin mövcud olduğu Azərbaycan torpaqlarının tarixi əhəmiyyətinə toxunub. Prezident, ölkəmizin TDT-də yeganə Qafqaz dövləti kimi iki böyük coğrafiyanı mənəvi-siyasi xətlərlə birləşdirən sarsılmaz qovuşaq olduğunu bəyan edib.
Dövlət başçısının Atabəylər dövlətini xüsusi qeyd etməsi təsadüfi deyil. Azərbaycanın orta əsrlər tarixində mühüm siyasi və dövlətçilik ənənələrindən birini Azərbaycan Atabəyləri - Eldənizlər dövləti təşkil edir. XII əsrin ortalarından XIII əsrin əvvəllərinədək mövcud olmuş bu dövlət Azərbaycanın siyasi tarixində mühüm iz qoymuş, ölkənin böyük hissəsində siyasi sabitliyin təmin edilməsinə, şəhər və iqtisadi həyatın inkişafına, mədəniyyətin yüksəlişinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm təsir göstərib.
Atabəylər dövlətinin Azərbaycan tarixində ən mühüm xidmətlərindən biri siyasi hakimiyyətin mərkəzləşdirilməsi və dövlətçilik ənənələrinin inkişaf etdirilməsi ilə bağlıdır. Eldənizlər dövründə Azərbaycan regionun əsas siyasi mərkəzlərindən birinə çevrilmişdi. Atabəylərin hakimiyyəti dövründə müxtəlif şəhərlər və ərazilər vahid siyasi sistem daxilində birləşdirilmiş, dövlətin idarəçilik mexanizmləri möhkəmləndirilmişdi.
Atabəylər dövləti Azərbaycan tarixində dövlətçilik, siyasi idarəçilik, iqtisadi inkişaf, şəhər mədəniyyəti, elm, ədəbiyyat və memarlıq baxımından mühüm iz qoymuş dövlətlərdən biridir. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan regionun mühüm siyasi mərkəzlərindən birinə çevrilmiş, şəhərlər inkişaf etmiş, memarlıq məktəbləri formalaşmış, ədəbiyyat və elm yüksək səviyyəyə çatıb.
Bu baxımdan Atabəylər dövrü Azərbaycan tarixinin yalnız siyasi hadisələrlə deyil, həm də böyük mədəni yüksəlişlə səciyyələnən mərhələsidir. Naxçıvan memarlıq məktəbinin əsərləri, XII əsr Azərbaycan poeziyasının möhtəşəm nümunələri və dövlətçilik ənənələri Eldənizlər irsinin bu günə qədər yaşayan əsas göstəriciləridir.
Atabəylər dövlətinin Azərbaycan tarixindəki rolu həm də ondan ibarətdir ki, bu dövr Azərbaycanın orta əsrlərdə regional siyasi və mədəni mərkəz kimi mövqeyini nümayiş etdirən mühüm tarixi mərhələdir. Eldənizlər irsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik və mədəniyyət tarixinin ayrılmaz hissəsini təşkil edir.
Şəmsəddin Eldəgiz - dövlətçilik təfəkkürünü və hərbi qətiyyəti ön plana çıxaran şəxsiyyət
Böyük Səlcuq imperiyasının zəiflədiyi bir dövrdə Şəmsəddin Eldəgiz dövlətçilik təfəkkürünü və hərbi qətiyyəti ön plana çıxararaq Azərbaycan torpaqlarını vahid mərkəz ətrafında birləşdirdi. O, təkcə güclü bir sülalənin əsasını qoymadı; Arazın hər iki sahilini - Naxçıvan və Təbrizdən tutmuş Arran və Şirvana, oradan da Həmədana qədər uzanan tarixi torpaqlarımızı vahid idarəçilik altında toplayaraq Azərbaycan dövlətçiliyinin sərhədlərini yenidən cızdı.
Eldəgizlər dövrü dövlətçilik tariximizdə mərkəzləşdirilmiş idarəçilik sisteminin qurulduğu, siyasi birliyin təmin edildiyi və Azərbaycan amilinin regionun taleyini həll etdiyi parlaq bir mərhələdir. Bu tarixi yüksəlişin mahiyyətini dərindən anlamaq üçün ilk növbədə Atabəylər dövlətinin təşəkkül tapdığı dövrdə Yaxın Şərqdə cərəyan edən proseslərə nəzər salmaq lazımdır. XII əsrin birinci yarısından XIII əsrin 20-ci illərinədək davam edən bu mərhələ Azərbaycanda yerli dövlətçilik institutlarının bərpası və hərtərəfli intibahla səciyyələnirdi.
Lakin həmin intibahın siyasi zəmini bir vaxtlar nəhəng coğrafiyanı idarə edən Böyük Səlcuq imperiyasının tənəzzülü ilə bilavasitə bağlı idi. 1092-ci ildə Sultan Məlikşahın ölümündən sonra başlayan taxt-tac davaları imperiyanı dərin böhrana sürüklədi. Hərbi dayağı təşkil edən türkman dəstələri arasında intizamsızlıq, hakim sülalənin daxili çəkişmələri, ismaililər təhlükəsi, kəndli və sənətkarlar üzərinə qoyulan ağır vergi yükü, eləcə də idarəetmədəki qruplaşmalar bu böyük dövlətin təməllərini sarsıtdı. Nəticədə mərkəzi hakimiyyət zəiflədi; Suriya, Kirman və Anadolu səlcuq sultanlıqları müstəqil güclər kimi önə çıxdı.
İmperiyanın strateji mərkəzləri olan İraq, Xorasan və Cənubi Qafqaz uğrunda gedən qarşıdurmalar isə vəziyyəti daha da gərginləşdirdi. Məlikşahın kiçik oğlu, Azərbaycan və Arran hakimi Məhəmməd Təpər böyük qardaşı Börkiyarığa qarşı çıxaraq 1101-ci ildə Həmədan yaxınlığındakı döyüşdə üstünlük qazandı və xəlifə əl-Müstəzhirin vasitəçiliyi ilə rəsmiləşən bölgüdə Azərbaycan, Cəzirə və Diyarbəkr hakimi statusunu möhkəmləndirdi. Məhəmməd Təpərin vəfatından (1118) sonra hakimiyyətə gələn oğlu II Mahmud ilə əmisi Sultan Səncər arasındakı mübarizə 1119-cu ildə Səncərin qələbəsi ilə nəticələndi. Əldə olunan razılaşma ilə II Mahmud Səncərin ali hakimiyyətini tanıdı və vəliəhd elan edildi; beləliklə, paytaxtı Həmədan olan və Azərbaycan torpaqlarını da içinə alan İraq Səlcuq sultanlığı təşəkkül tapdı.
Məhz bütün bu siyasi təlatümlərin içərisində Yaxın Şərqin idarəetmə arxitekturasında "atabəyliklər" adlanan yeni tipli dövlət birlikləri meydana çıxmağa başladı. Əslində şahzadələrin hərbi və siyasi tərbiyəçisi olan atabəylər, mərkəzin zəifləməsindən istifadə edərək himayə etdikləri məliklərin adından faktiki hökmdara çevrilirdilər. XII yüzillikdə regionda Mosul, Fars, İrbil və Luristan kimi atabəyliklər yaransa da, bu siyasi modelin ən parlaq və dövlətçilik baxımından ən kamil nümunəsi məhz Azərbaycan torpaqlarını vahid bir iradə altında birləşdirməyi bacaran Eldəgizlər dövləti (1136–1225) oldu.
AMEA -nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, Mübariz Ağalarlı "Hüquqinfo.az"a açıqlamasında bildirib ki, Azərbaycan dövlətçiliyinin bu yeni və qüdrətli mərhələsinin təməli məhz Şəmsəddin Eldənizin şəxsi iradəsi və dövlətçilik təfəkkürü ilə qoyuldu. Qıpçaq çöllərindən başlayan həyat yolu onu zamanla Yaxın Şərqin ən nüfuzlu siyasi simasına çevirdi.
Gənc yaşlarında saray xidmətinə daxil olan Eldəniz qısa müddətdə ağlı, hərbi istedadı və tədbirliliyi sayəsində Sultan II Mahmudun diqqətini çəkdi. Sultan II Toğrulun dövründə (1132–1135) şəxsi məmlüklər sırasına qatılan və əmir rütbəsinə yüksələn Eldəniz azyaşlı şahzadə Arslanşahın atabəyi təyin edildi. Sultanın vəfatından sonra yeni İraq Səlcuq hökmdarı Sultan Məsud tərəfindən II Toğrulun dul xanımı Mömünə xatunla evləndirilən Eldənizə 1136-cı ildə Arran vilayəti iqta olaraq verildi. İqamətgahını Bərdəyə köçürən Atabəy tezliklə yerli əmirləri mərkəzi hakimiyyət ətrafında birləşdirdi və Azərbaycan torpaqlarında müstəqil dövlətçilik mərkəzinin əsasını qoydu.
Dövrün mürəkkəb siyasi şəraitində Arran və Azərbaycan vilayətləri ardıcıl sınaqlarla üz-üzə qalmışdı. 1139-cu il dağıdıcı Gəncə zəlzələsindən istifadə edərək şəhərə soxulan və qətliamlar törədən gürcü qoşunlarının geri oturdulması, eləcə də sonrakı canişinlərin qeyri-sabit idarəçiliyi fonunda Şəmsəddin Eldəniz bölgədə yeganə xilaskar güc kimi möhkəmləndi. 1146-cı ildən etibarən 50 minlik nizamlı ordusu ilə bütün Azərbaycanın idarəsini tam nəzarətə götürən Eldəniz addım-addım regional fövqəldövlət statusuna doğru irəlilədi".
Səlcuq taxt-tacını Azərbaycanın iradəsinə tabe etmək cəhdi xəlifə əl-Müstəncidin və bəzi yerli hakimlərin ciddi müqaviməti ilə qarşılaşsa da, Böyük atabəy 1161-ci ilin avqustunda Rey hakimi İnancın başçılıq etdiyi üsyankar əmirlər koalisiyasını darmadağın etdi. Bununla da Qafqaz dağlarından İran körfəzinə qədər uzanan, Tiflisdən Məkrana, Gilan və Mazandarandan İsfahana qədər nəhəng bir coğrafiya vahid siyasi mərkəzə tabe edildi. Hətta Mosul, Fars, Kirman atabəylikləri, Şirvan, Marağa və Xilat hakimləri Eldənizin adına sikkə kəsdirib xütbə oxutdurmağa məcbur oldular. Süryani tarixçisi Mixailin də vurğuladığı kimi, bu qüdrətli dövlətin siyasi təsir dairəsi Kapadokyaya - Danişmənd torpaqlarına qədər uzanırdı.
Şəmsəddin Eldəniz eyni zamanda Xarəzmşahların Yaxın Şərqə doğru genişlənmək iddialarına qarşı çıxaraq Nişapuru müdafiə etdi, Mosul atabəyliyini və Şərqi Anadoludakı türk bəyliklərini öz ali hakimiyyətini tanımağa yönəltdi. Dövlətin şimal sərhədlərində isə gürcü çarlarının aramsız qarətçi yürüşlərinə qarşı qətiyyətli mübarizə aparıldı. 1161-ci ildə Anini və Dvini tutaraq əhaliyə divan tutan çar III Georginin qüvvələri, 1163-cü ildə Eldənizin rəhbərliyi altında birləşmiş müsəlman qoşunları tərəfindən darmadağın edildi və Dvin geri alındı. 1174-cü ildə Naxçıvan istiqamətində baş verən toqquşmalarda ordu daxilində taun epidemiyasının yayılmasına baxmayaraq, gürcü hərbi təcavüzü qətiyyətlə dəf olundu və Ağşəhər qalası ələ keçirildi.
Dövlətin siyasi və mənəvi sütunlarından olan Mömünə xatının və onun ardınca 1175-ci ilin payızında Böyük atabəy Şəmsəddin Eldənizin vəfatı ilə hakimiyyət sükanı Nüsrətəddin Cahan Pəhləvanın əlinə keçdi. Xəstələnən səlcuq sultanı Arslanşahın da qısa müddət sonra dünyasını dəyişməsi nəticəsində Cahan Pəhləvan taxta 7 yaşlı III Toğrulu çıxararaq dövlətin təkbaşına idarəçisinə çevrildi. Cahan Pəhləvan qardaşı Qızıl Arslanı Azərbaycan və Arrana canişin təyin edərək Həmədandan dövlətçilik institutlarını daha da mərkəzləşdirdi.
O, dövlət aparatını fərsiz əyanlardan təmizləyərək 70-ə yaxın şəxsi məmlükünə mühüm vilayətləri iqta verdi və otuz il ərzində ölkənin dayaq sütununa çevrilən bənzərsiz bir idarəçi elita formalaşdırdı. Onun 10 illik hakimiyyəti sabitlik, daxili əmin-amanlıq və xarici hücumlardan uzaq bir intibah dövrü oldu. Gürcülər sülh bağlamağa məcbur edildi, Xarəzmşah Təkişlə dostluq münasibətləri quruldu, Abbasi xəlifəsi ilə münasibətlərdə isə müstəqil milli xətt qorunub saxlanıldı. 1175-ci ildə strateji Təbriz şəhərinin Eldəgizlər dövlətinə birləşdirilməsi və Qızıl Arslanın ixtiyarına verilməsi isə Azərbaycan torpaqlarının bütövləşməsi yolunda atılan ən böyük addımlardan biri idi.
1186-cı ildə Cahan Pəhləvanın vəfatı dövlətdə ciddi varislik böhranı yaratdı. Cahan Pəhləvan sağlığında torpaqları oğulları arasında bölüşdürsə də, əmirlərin əksəriyyəti və ordu Azərbaycan və Arran hakimi Müzəffərəddin Qızıl Arslanın tərəfində durdu. Qızıl Arslan həm İnanc xatunun təhriki ilə ona qarşı çıxan qüvvələri, həm də müstəqilləşmək istəyən Sultan III Toğrulu ardıcıl məğlubiyyətlərə uğratdı. Qızıl Arslan,1191-ci ildə xəlifənin razılığı ilə sultan taxtına əyləşdi. Bu, Azərbaycan dövlətçilik tarixində əsl dönüş nöqtəsi idi: ilk dəfə olaraq Atabəy rütbəsindən birbaşa ali Sultan taxtına yüksələn bir Azərbaycan hökmdarı bütün İraq Səlcuq sülaləsinin yerini tutdu. Lakin saraydaxili intriqalar və mərkəzdənqaçma meyilləri bu mütləq hakimiyyətin möhkəmlənməsinə imkan vermədi; 1191-ci ilin sentyabrında Qızıl Arslan təşkil olunan sui-qəsd nəticəsində qətlə yetirildi.
M.Ağalarlı bildirib ki, "Qızıl Arslanın qətlə yetirilməsi ilə Eldəgizlər dövlətində mərkəzləşdirilmiş idarəetmə sistemi dərindən sarsıldı və taxt-tac uğrunda daxili çəkişmələr mərhələsi başladı. Sultanın ölümündən dərhal sonra Cahan Pəhləvanın dul xanımı Qüteybə xatun dövlətin rəsmi möhürünü və hakimiyyət rəmzi sayılan üzüyü oğlu Əbu Bəkrə verərək onu Azərbaycan və Arrana sahib çıxmağa yönəltdi".
Qardaşlar arasında hakimiyyət davası tezliklə açıq hərbi toqquşmalara çevrildi. 1192-ci ilin sonunda Təbriz yaxınlığında baş verən həlledici döyüşdə Əbu Bəkr qalib gəldi.
Əbu Bəkrin ölümündən sonra taxta keçən sonuncu hökmdar Atabəy Özbəkin dövrü (1211–1225) Azərbaycan dövlətçiliyinin ən ağır xarici təhlükələrlə üz-üzə qaldığı mərhələ oldu. 1221-ci ilin qışında monqolların Qafqaza ilk kəşfiyyat yürüşü Eldəgizlər ölkəsini dərin dağıntılara məruz qoydu. Paytaxt Təbrizə yaxınlaşan monqollarla döyüşə cəsarət etməyən Atabəy Özbək şəhəri xilas etmək üçün böyük məbləğdə təzminat ödəməklə kifayətləndi.
Bu fəlakətin ardınca, monqol təzyiqindən qaçaraq regiona sığınan Xarəzmşah Cəlaləddin Məngubərdi Eldəgizlərin süqutunu qaçılmaz etdi. 1225-ci ilin iyulunda paytaxt Təbrizi mühasirəyə alan Cəlaləddin şəhəri döyüşsüz təslim aldı. Müqavimət göstərə bilməyən Atabəy Özbək əvvəlcə Gəncəyə, oradan isə Naxçıvandakı möhkəm Əlincə qalasına sığındı və elə həmin il orada vəfat etdi.
Tarixçi alim vurğulayıb ki, Atabəy Özbəkin ölümü ilə nəinki Eldəgizlər sülaləsinin doxsan ilə yaxın sürən siyasi hakimiyyətinə son qoyuldu, həm də Azərbaycan torpaqları bir müddət Xarəzmşahların, ardınca isə monqol imperiyasının tərkibinə qatıldı. Bununla belə, Eldəgizlərin yaratdığı mərkəzləşmə təcrübəsi, zəngin idarəçilik institutları və bütöv Azərbaycan məfkurəsi sonrakı əsrlərdə təşəkkül tapacaq Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi milli dövlətlərin formalaşmasında əsas tarixi-siyasi zəmin rolunu oynadı.
Azərbaycan Atabəylər dövlətinin hərbi-siyasi zəfərlərini möhkəmləndirən başlıca amil onun mükəmməl inzibati idarəçilik sistemi və güclü dövlət təsisatları idi. Şəmsəddin Eldəniz Böyük Səlcuq imperiyasının sınaqdan keçmiş idarəetmə və hərbi mexanizmlərini dağıtmadan, onları yerli dövlətçilik maraqlarına uyğunlaşdıraraq qoruyub saxladı. 1136-cı ildə Arran hakimliyi ilə başlanan siyasi yol, 1146-cı ildə Naxçıvanın birləşdirilməsi və 1161-ci ildə Həmədan fəthi ilə ali dövlət rütbəsinə - "Böyük Atabəy" (atabəy əl-əzəm) məqamına yüksəldi. Eldəniz dövlətin daxili və xarici siyasətində təkbaşına həlledici söz sahibi olmaqla yanaşı, "məlik" titulunu daşıyaraq hakimiyyətin öz sülaləsinə məxsus irsi hüququnu rəsmiləşdirdi. Hərbi komandanlığı böyük oğlu Cahan Pəhləvan və ordu başçısı Qızıl Arslan kimi ailə üzvləri arasında bölüşdürən Atabəy, adını sikkələrdə zərb etdirmək və xütbələrdə çəkdirmək hüququ qazanaraq faktiki hökmranlığını təmin etdi.
Dövlət idarəçiliyində hökmdardan sonra ikinci şəxs mərkəzi bürokratiyanın və divan məmurlarının (əshab əd-divan) başçısı sayılan vəzir idi. Yalnız dövlət başçısına tabe olan vəzir diplomatik münasibətləri tənzimləyir, məmurları təyin və azad edir, vergi və xəzinə daxilolmalarına nəzarət edir, hətta hərbi əməliyyatlara rəhbərlik edirdi. Aparatda üçüncü mühüm məqam isə hökmdarla həm vəzir, həm də mülk sahibləri arasında əlaqə yaradan, saray mərasimlərini təşkil edən və bəzən orduya komandanlıq edən "böyük hacib" (əmir əl-hacib əl-kəbir) idi. Dövlətin ali maliyyə və iqtisadi dayaqları isə bilavasitə sülalənin şəxsi əmlakına cavabdeh olan "divan əl-xass" tərəfindən idarə olunurdu. Bu nəhəng imperiyanın baş xəzinəsi strateji baxımdan əlçatmaz olan Əlincə qalasında, mühüm hissəsi isə Sərcahan qalasında etibarlı şəkildə qorunurdu. Cahan Pəhləvanın dövründə isə mərkəzi idarəetmə "divan əl-əla" (ali divan) çətiri altında daha da təkmilləşdirilərək xəzinədarlıq və dövlət dəftərxanası vahid intizam altına salındı.
Dövlətin ərazi-inzibati bölgüsü Azərbaycan, Arran, Naxçıvan, Rey, Həmədan və Fars İraqı kimi iri vilayətlərdən ibarət idi. Şəhər və kəndlərin gündəlik idarəçiliyi isə əhali ilə mərkəzi hakimiyyət arasında körpü rolunu oynayan yerli rəislər və şəriət məhkəmələrinə rəhbərlik edən qazılar vasitəsilə həyata keçirilirdi. Aqrar münasibətlərin təməlini isə hərbi xidmət müqabilində paylanan iqta torpaqları təşkil edirdi. Cahan Pəhləvanın öz sağlığında 70-dən çox şəxsi məmlükünə 40-ı Əcəm İraqında, 27-si isə Azərbaycanda olmaqla şəhər və kəndləri iqta kimi paylaması son dərəcə sadiq bir hərbi-inzibati elitanın bünövrəsini qoydu. Xəzinənin gəlirləri isə xərac (torpaq vergisi), üşr (onda bir vergisi), qeyri-müsəlmanlardan toplanan cizyə və köçəri elatların otlaqlarından alınan rüsumlar hesabına dolurdu.
Bu siyasi sabitlik və mərkəzləşmə təbii olaraq ölkə daxilində şəhər mədəniyyətinin və ticarətin qızıl dövrünü başlatdı. Əhalisi 100 mindən 300 minə çatan Gəncə, Təbriz, Naxçıvan, Beyləqan, Şamaxı, Ərdəbil və Marağa kimi şəhərlər Şərqlə Qərbi birləşdirən açıq beynəlxalq tranzit məkanlarına çevrildi. Bakı və Dərbənd Xəzər dənizində strateji ticarət limanları kimi şöhrət tapdı, gəmiqayırma texnikası inkişaf etdi.
Paytaxt statusu daşıyan qədim Gəncə nəhəng müdafiə istehkamları, toxuculuq və ipək məmulatları ilə Yaxın Şərqin ən böyük sənətkarlıq beşiklərindən idi. 1139-cu il dağıdıcı zəlzələsinin və gürcü qarətinin vurduğu yaralara baxmayaraq, şəhər qısa müddətdə intibah mərkəzi kimi yenidən dirçəldi. Bağlar qoynunda ucalan Naxçıvan möhkəm qalaları, dördmərtəbəli binaları və zəngin mədrəsələri ilə Atabəylərin əsas iqamətgahına çevrildi. Beynəlxalq sənaye və tranzit mərkəzi olan Təbriz isə zərli parçaları, ipəyi, xalçaları və zəngin kitabxanaları ilə Şərq dünyasının elm və sənət elitasını özünə cəlb edirdi.
XII əsrin bu güclü dövlətçilik mühiti Azərbaycan memarlığının zirvəsi sayılan Naxçıvan memarlıq məktəbini dünyaya bəxş etdi. Dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi Yusif Küseyr oğlu (1162) və zərifliyi ilə əsrləri heyrətdə qoyan Möminə Xatın türbəsi (1186), eləcə də Marağadakı Göy günbəz (1196) bu dövrün sənət qüdrətini daşlaşdırdı. Memarlıqla yanaşı fəlsəfə, dəqiq elmlər və poeziya ümumbəşəri miqyasda çiçəkləndi.
Bağdadın "Nizamiyyə" akademiyasında dərs deyən Xətib Təbrizi, Şərq peripatetizmini zənginləşdirən Bəhmənyar məktəbi, Şihabəddin Yəhya Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Marağayi və Əbu Səid Urməvi kimi mütəfəkkirlər ehkamçı qəlibləri qıraraq insan idrakının sərhədsizliyini sübuta yetirdilər. Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani və Xaqani Şirvani ilə addımlayan bədii fikir isə dahi Nizami Gəncəvinin dühası ilə Şərq Renessansının əbədi abidəsinə çevrildi. Beləliklə, Eldəgizlər dövrü güclü hərbi təşkilatlanma, sarsılmaz inzibati qayda-qanun və yüksək mədəni intibahın vəhdət təşkil etdiyi parlaq bir sivilizasiya mərhələsi kimi tarixə düşdü.
M.Ağalarlı qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində Eldəgizlər (Atabəylər) dövrü sadəcə hakimiyyət dəyişikliyi deyil, müstəqil dövlətçilik düşüncəsinin ideyadan real dövlət qurumlarına çevrildiyi yeni bir mərhələdir: "Böyük Səlcuq imperiyasının süqutu ilə yaranan regional geosiyasi boşluğu dolduran bu dövlət, Azərbaycanın tarixi-coğrafi hüdudlarını yalnız inzibati sərhədlər daxilində birləşdirməklə qalmadı; o, Arazın şimalı ilə cənubunu vahid siyasi mərkəz ətrafında toplayaraq sonrakı yüzilliklərin bütöv vətən təsəvvürünü formalaşdırdı".
Həqiqətən də Şəmsəddin Eldənizin qurduğu siyasi təməl, Cahan Pəhləvanın formalaşdırdığı intizamlı bürokratik və hərbi elita, Qızıl Arslanın isə atabəy qəyyumluğunu aşaraq ali sultanlıq taxtına yiyələnməsi Azərbaycan dövlət idarəçiliyinin asılılıqdan çıxaraq müstəqil imperiya subyektinə çevrilmə iradəsini nümayiş etdirdi.
Eldəgizlər təcrübəsinin milli dövlətçilik yaddaşındakı ən mühüm rolu güclü mərkəzləşdirmə modeli, mütəşəkkil divan sistemi və milli ordu quruculuğu ənənəsinin bərqərar edilməsidir. Daxili çəkişmələr və xarici təhdidlər qarşısında dövlətin süqutu qaçılmaz olsa da, bu sülalənin yaratdığı ictimai-siyasi və mədəni kapital itmədi. XII əsr Azərbaycan İntibahını hərbi və siyasi qalxanla qoruyan bu güc, təkcə fəlsəfi və memarlıq zirvələrini deyil, həm də dövlət idarəçiliyində davamlılıq refleksini gələcəyə ötürdü.
Beləliklə, Eldəgizlər dövləti tariximizdə qapalı bir dövr kimi deyil, Qaraqoyunlu, Ağqoyunlu və xüsusilə Səfəvilər kimi sonrakı mərkəzləşdirilmiş milli imperiyaların idarəetmə ənənəsinə və ərazi bütövlüyü ideyasına zəmin yaradan ən fundamental dövlətçilik təcrübələrindən biri kimi dəyərləndirilməlidir.









