Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor m...--:--
News
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və...--:--
News
Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yovi...--:--
News
Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əmək...--:--
News
Azərbaycanda bu futbol klubu ləğv olundu--:--
News
"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor m...--:--
News
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və...--:--
News
Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yovi...--:--
News
Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əmək...--:--
News
Azərbaycanda bu futbol klubu ləğv olundu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Qlobal neft bazarı: Əsas marşrutlardakı fasilələr qiymət təzyiqini gücləndirir-TƏHLİL

Bugün, 15:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Neft bazarı yeni və daha mürəkkəb risk mərhələsinə daxil olur. Yaxın Şərqdə dərinləşən geosiyasi gərginlik enerji axınlarının ən həssas nöqtələrini bir-birinin ardınca təhdid altına salır. Bu isə "Brent" markalı neftin qiymətinin yüksək səviyyədə qalması ilə yanaşı, qlobal bazarda təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırır.

Sentyabrın ortalarında "Brent" markalı neftin qiyməti 2026-cı ilin mayından bəri ilk dəfə bir barel üçün 110 ABŞ dollarına yüksəlib. Sonradan qiymət 103 ABŞ dollarına qədər geriləsə də, bu enişin davamlı olub-olmayacağı hələ də sual altındadır. Çünki bazarda qiymətləri yuxarı istiqamətləndirən əsas amillər aradan qalxmayıb. Əksinə, dünya neft ticarətinin ən mühüm arteriyalarından ikisi - Hörmüz və Bab-əl-Məndəb boğazları - eyni vaxtda ciddi təhlükələrlə üz-üzədir.

Dünya iqtisadiyyatının enerji damarlarından biri sayılan Hörmüz boğazı fevral ayından İran tərəfindən bağlanıb. Qlobal neft istehlakının təqribən 20 %-nin bu dar su yolundan keçdiyini nəzərə alsaq, burada yaranan hər hansı fasilənin yalnız region üçün deyil, bütün dünya bazarı üçün nəticələri aydındır.

Hörmüz boğazından asılılıq xüsusilə Körfəz ölkələri üçün yüksəkdir. İraqın ümumi neft ixracının təxminən 97 %-i, Səudiyyə Ərəbistanının 89 %-i, Birləşmiş Ərəb Əmirliklərinin 66 %-i bu marşrutdan keçir. İran, Küveyt və Qətərin qlobal bazarlara çıxardığı neftin isə demək olar ki, hamısı həmin boğazdan nəql olunur.

Belə bir şəraitdə başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz ölkələri üçün alternativ ixrac marşrutlarının əhəmiyyəti kəskin artıb. Neft axınlarının bir hissəsinin Qırmızı dəniz istiqamətinə yönəldilməsi mümkün alternativlərdən biri kimi nəzərdən keçirilirdi. Lakin indi bu marşrutun özü də təhlükə altındadır.

Yəmənin əhəmiyyətli hissəsinə nəzarət edən husilərin iyul ayından etibarən Səudiyyə Ərəbistanına qarşı hücumlarını gücləndirməsi və Qırmızı dənizdə gəmilərə zərbələr endirməsi regiondakı nəqliyyat risklərini daha da artırıb. Ən azı səkkiz Səudiyyə tankerinin zədələndiyi, daha 20 gəminin isə təhlükəsizlik səbəbindən marşrutunu dəyişdiyi bildirilir.

Sentyabrın ortalarında vəziyyət daha da gərginləşib. Husilərin Yəmənin qərb sahilləri və bir neçə strateji ada üzərində nəzarəti ələ keçirməsi Bab-əl-Məndəb boğazı ətrafında gəmiçilik üçün riskləri kəskin artırıb. Nəticədə Səudiyyə gəmilərinin bu boğazdan keçidi faktiki olaraq dayandırılıb.

Hörmüz boğazı Fars körfəzinin dünyaya açılan qapısıdırsa, Bab-əl-Məndəb Ərəbistan yarımadasının digər tərəfində Hind okeanını Qırmızı dənizlə birləşdirən dar su yoludur. Bu coğrafi mövqeyi onu Asiya ilə Avropa arasında dəniz daşımalarının əsas arteriyalarından birinə çevirir. Buna görə də burada yaranan hər hansı uzunmüddətli təhlükə həm regional ticarətə, həm də qlobal enerji və logistika zəncirinə təsir göstərə bilər.

Üstəlik, Səudiyyə Ərəbistanının üzləşdiyi risklər yalnız dəniz yolları ilə məhdudlaşmır. Krallığın neft infrastrukturu da hücumların hədəfinə çevrilib. "Şərq-Qərb" neft kəmərinin fəaliyyəti faktiki olaraq dayanıb, üç nasos stansiyasının zədələndiyi bildirilir. Sistemin tam bərpasının dörd-altı həftə çəkə biləcəyi ilə bağlı qiymətləndirmələr mövcuddur.

Beləliklə, dünya neft bazarında risklər bir nöqtədə deyil, eyni anda bir neçə istiqamətdə cəmləşir. Hörmüz boğazında yaranan məhdudiyyətlər, Bab-əl-Məndəb ətrafında artan təhlükə və Səudiyyə Ərəbistanının neft infrastrukturuna dəyən zərər enerji təchizatının ən həssas halqalarını bir-birinin ardınca sınağa çəkir. Bu mənzərə fonunda "Brent" qiymətinin 103 ABŞ dollarına enməsi bazardakı təzyiqin aradan qalxdığı anlamına gəlmir. Əksinə, neft bazarının bundan sonrakı istiqaməti hərbi və geosiyasi hadisələrin gedişindən əvvəlkindən daha çox asılı vəziyyətə düşür.

Neft bazarındakı təzyiq yalnız hasilat və ixrac marşrutları ilə ölçülmür. Bu dəfə bazarın başqa bir həlqəsi - tankerlər də qiymət formalaşmasının əsas amillərindən birinə çevrilir.

Qlobal dəniz neft daşımaları bazarında supertankerlərin nəzərəçarpacaq çatışmazlığı fraxt dərəcələrini kəskin yüksəldib. Ayrı-ayrı istiqamətlər üzrə daşınma tarifləri təxminən üç dəfə artıb. Bu isə məsafəsi uzun olan marşrutların bir hissəsini iqtisadi baxımdan əlverişsiz edir və artıq neft tədarükünün coğrafiyasına təsir göstərir.

Məsələn, ABŞ neftinin Asiyaya daşınmasının həcmi azalıb. Anqola neftinin Çinə tədarükü də oxşar problemlə üzləşir. Səbəb sadədir: marşrut uzandıqca tankerə ödənilən məbləğ artır və daşınmanın iqtisadi səmərəsi azalır.

Tanker çatışmazlığı daha kiçik sinif gəmilərin bazarına da təsir edib. Asiya neft emalı zavodları ABŞ-dan tədarükün bir hissəsini supertankerlər əvəzinə təxminən 700 min barel tutumlu "Aframax" tipli tankerlərlə həyata keçirməyə başlayıb. Atlantik limanlarından neft daşınmasında isə əvvəllər bir VLCC ("Very Large Crude Carrier" – çox böyük xam neft daşıyıcısı) ilə həyata keçirilən daşımaların əvəzinə hər birinin tutumu təxminən 1 milyon barel olan iki "Suezmax" tankeri cəlb olunur.

"Suezmax" tankerlərinin əsas üstünlüyü onların tam yüklə Süveyş kanalından keçə bilməsidir. Bu xüsusiyyət onları Asiya və Avropa arasındakı uzunməsafəli daşımalar üçün mühüm nəqliyyat vasitəsinə çevirir. Tələb artdıqca bu sinif gəmilərin gəlirliliyi də kəskin yüksəlib: "Suezmax" tankerlərinin gündəlik gəlirinin orta hesabla 300 min ABŞ dollarını keçdiyi bildirilir.

Lakin məsələ yalnız fraxt qiymətlərinin artması ilə bitmir. Tankerə tələbin yüksəlməsi donanmanın özünü də bahalaşdırır. Yeni və müasir işlənmiş supertankerlərin qiyməti artıq 130 milyon ABŞ dollarını keçib. Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin altı supertanker və beş böyük qazdaşıyan gəmini 1,3 milyard ABŞ dollarına alması bazarda donanma uğrunda rəqabətin miqyasını göstərir. Səudiyyənin "Bahri" şirkəti isə öz donanmasını 107 gəmiyə qədər genişləndirib.

Beləliklə, neft bazarında qiyməti yalnız bir barelin hasilat xərci və ya dünya üzrə gündəlik tələbat müəyyən etmir. Neftin hansı marşrutla, hansı gəmi ilə və hansı qiymətə alıcıya çatdırılması da getdikcə daha böyük əhəmiyyət qazanır. Tanker çatışmazlığı və artan fraxt tarifləri neftin son qiymətinə əlavə yük gətirir. Bu baxımdan, qlobal donanmanın məhdud imkanları artıq neft bazarında ayrıca xərc və qiymət amili kimi formalaşır.

Neft bazarındakı gərginliyi artıran amillər sırasında geosiyasətin digər mühüm aləti - sanksiyalar da ön plana çıxır. ABŞ Prezidenti Donald Trampın sentyabrın 18-də imzaladığı "Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026" qanunu Rusiyanın enerji sektoruna təzyiqi gücləndirməklə yanaşı, qlobal neft ticarətinin coğrafiyasını da dəyişə biləcək yeni mexanizmlər yaradır.

Qanun ABŞ Prezidentinə Rusiyadan neft və qaz alan ən iri ölkələrə qarşı 100 %-dək tarif tətbiq etmək səlahiyyəti verir. Rusiya mənşəli mallara tətbiq oluna biləcək tariflərin yuxarı həddi isə 500 %-dir. Mexanizm müəyyən mənada çevik xarakter daşıyır: Vaşinqtonun qiymətləndirməsinə görə Rusiya enerji resurslarından asılılığını azaldan ölkələrə qarşı təzyiq yumşaldıla, əks istiqamətdə addımlar atıldığı halda isə sərtləşdirilə bilər.

Bu mexanizmin əsas hədəfində Rusiyanın ən iri enerji alıcıları - Çin və Hindistan dayanır. Hər iki ölkə üçün Rusiya nefti mühüm enerji mənbəyidir, lakin onların alternativ imkanları və ticarət strukturları eyni deyil. Çin daha geniş daxili bazara, çoxşaxəli tədarük zəncirlərinə və quru marşrutlarına malik olduğundan enerji idxalını müxtəlif istiqamətlər üzrə yenidən bölüşdürmək imkanlarını qoruyur. Artıq Pekin öz xarici ticarətinin məcburetmə vasitəsinə çevrilməməsi lazım olduğunu açıq şəkildə bəyan edib.

Hindistan isə həm enerji təhlükəsizliyi, həm də ABŞ bazarı ilə sıx ticarət əlaqələri arasında daha mürəkkəb seçim qarşısındadır. Hindistan, böyük ehtimalla, Vaşingtonun təzyiqlərinə daha həssas yanaşacaq və Rusiya mənşəli neftin alışını qismən azaldaraq, Yaxın Şərq dövlətlərindən, ABŞ-dan və Latın Amerikası ölkələrindən idxalı genişləndirə bilər.

Beləliklə sanksiya təzyiqinin artması neft bazarında yalnız Rusiya neftinin taleyini dəyişmir. Alıcı ölkələrin alternativ mənbələrə yönəlməsi digər ixracatçılar üçün də yeni imkanlar yaradır. Başqa sözlə, bir istiqamətdə bağlanan "neft kranı" digər istiqamətdə əlavə tələbat formalaşdırır.

Hindistanın son aylarda Azərbaycan neftinə marağının kəskin artması bunun diqqətçəkən nümunələrindən biridir. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 337 ton xam neft və xam neft məhsulları ixrac edib. Bu həcmin dəyəri 399,2 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə tədarük fiziki ifadədə 300 dəfə, dəyər ifadəsində isə 434 dəfə artıb.

Bu ilin iyun ayına qədər Hindistan Azərbaycanın neft ixrac etdiyi dövlətlərin ilk onluğunda belə yer almırdı. May ayında ilk onluğun sonuncu pilləsini 137 min 360 tonluq göstərici ilə Tailand tuturdu. İyun ayında isə Hindistan Azərbaycan neftini alan ölkələr sırasında 5-ci yerə (320 min 497 ton), iyulda isə 4-cü pilləyə (491 min 171 ton) yüksəlməyi bacarıb. Avqust ayında da Hindistan TOP-5-dəki mövqeyini möhkəmləndirərək qoruyub saxlayıb.

Bu, bazarda yeni marşrutların və alternativ təchizat mənbələrinin necə qısa müddətdə əhəmiyyət qazana bildiyini göstərir.

Qlobal enerji bazarında yaranmış bu mənzərənin Azərbaycan üçün ən mühüm nəticəsi neft qiymətlərinin yüksəlməsi və bunun ixrac gəlirlərinə təsiridir. Ölkə həm enerji ixracatçısı kimi qiymət artımından birbaşa faydalanır, həm də alternativ təchizat mənbələri axtaran bazarlarda öz neftinə əlavə tələbat imkanları əldə edir.

2026-cı ilin ilk yarısında Azərbaycan neftinin reallaşdırılmış orta ixrac qiyməti 94,5 ABŞ dolları/barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Apreldə "Azeri Light" neftinin qiyməti isə 141,68 ABŞ dollarına qədər yüksəlib.

Azərbaycan Mərkəzi Bankının proqnozlarına görə, 2026-cı ildə "Brent" markalı xam neftin bir barelinin orta qiyməti 87,7 ABŞ dolları səviyyəsində formalaşacağı ehtimal olunur. 2027-ci il üzrə isə neftin hər barelinin orta qiymətinin 82,8 dollar civarında olacağı proqnozlaşdırılıb.

Bu göstəricilər dövlət büdcəsinin neft qiyməti üzrə ehtiyatlı yanaşmasını da ön plana çıxarır. Həm cari ilin, həm də gələn ilin dövlət büdcələri hazırlanarkən neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları olaraq nəzərə alınıb. Beləliklə, Mərkəzi Bankın proqnozları büdcədə əsas götürülən qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Beləliklə, faktiki ixrac qiymətinin bu səviyyədən əhəmiyyətli dərəcədə yüksək olması fiskal gəlirlər üçün əlavə imkan yaradır.

Neft bazarındakı qiymət artımının Azərbaycan üçün potensial maliyyə effekti də kifayət qədər böyükdür. Niderlandın ING bank qrupunun hesablamalarına görə, neftin qiymətinin hər barel üçün davamlı olaraq 10 ABŞ dolları yüksəlməsi Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard ABŞ dolları, enerji sektorundan büdcə daxilolmalarını isə 1,5 milyard ABŞ dolları artıra bilər. Bu göstəricilər ÜDM-in müvafiq olaraq 4 % və 2 %-inə bərabərdir. ING eyni zamanda Azərbaycanın güclü fiskal və xarici mövqeyinin yüksək enerji qiymətlərindən əlavə dayaq aldığını qeyd edir.

Bu mənzərə Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin yalnız qiymət artımından deyil, qlobal neft axınlarının yenidən qurulmasından da faydalana biləcəyini göstərir. Rusiya neftinə qarşı təzyiqlər artdıqca alıcı ölkələrin alternativ mənbələrə marağı güclənir. Yaxın Şərq regionunda mövcud olan geosiyasi risklər neft bazarında hər əlavə barelin dəyərini artırır. Bu gərginliklər eyni zamanda xammalın təhlükəsiz formada son alıcıya nəql edilməsi xərclərini də yüksəldir və buna görə bazarda daha yüksək qiymət formalaşır.

Lakin yüksək neft qiymətinin yaratdığı imkanları avtomatik olaraq uzunmüddətli üstünlük kimi qəbul etmək olmaz. Azərbaycanın hasilat və ixrac həcmlərini qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaq imkanları məhduddur.

Deməli, Azərbaycan üçün hazırkı neft konyunkturasının əsas dividendi əlavə hasilatdan çox, eyni həcmdə ixrac olunan neftin daha yüksək qiymətə satılması və dəyişən qlobal ticarət xəritəsində yeni alıcıların ortaya çıxmasıdır.

"Moody`s Ratings" beynəlxalq reytinq agentliyi enerji daşıyıcılarının yüksək qiymətlərinin neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın büdcə mövqeyinə müsbət təsir göstərdiyini qeyd edir.

Agentliyin analitiklərinin fikrincə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunacaq gələcək irəliləyiş regional sabitliyin və iqtisadi perspektivlərin gücləndirilməsinə əlavə təkan verə bilər. Geosiyasi gərginliyin azalması Cənubi Qafqazda ticarət, nəqliyyat, energetika və infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar aça bilər.

"Moody`s" eyni zamanda Hörmüz boğazında gəmiçiliklə bağlı risklərin alternativ enerji və ticarət dəhlizlərinin, o cümlədən Xəzər regionu və Cənubi Qafqazdan keçən marşrutların əhəmiyyətini artırdığını vurğulayır.

Agentliyin qiymətləndirməsinə görə, Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz qlobal ticarət axınlarının yenidən istiqamətlənməsi fonunda əlavə üstünlüklər əldə edir. Bu proses regional dəmir yolu və logistika xidmətləri göstərən şirkətlər üçün də yeni inkişaf imkanları yaradır.

Yaxın perspektivdə qlobal neft bazarında gərginliyin daha da dərinləşə biləcəyi ilə bağlı narahatlıq doğuran əsas amillərdən biri Yaxın Şərqdəki münaqişənin yenidən hərbi fazaya keçməsi riskidir. Bu ssenarinin reallaşması ilə bağlı bir sıra diqqətçəkən məqamlar mövcuddur.

Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış "Məkkə sazişi" çərçivəsində rəsmi Ər-Riyada yardım göstərilməsini istisna etməyib. Nazir ictimaiyyətə açıqlanmayan təmasların olduğunu bildirərək texniki baxımdan hərbi ehtiyacların yarana biləcəyini və bu ehtiyacların qarşılanması ilə bağlı Türkiyənin problem görmədiyini qeyd edib.

Digər tərəfdən, İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı ABŞ-ın region ölkələrinin liderləri ilə görüşərək İrana qarşı yeni hücum planı hazırlaya biləcəyini bəyan edib. Eyni zamanda, ABŞ-ın bəzi region ölkələrinin razılığı fonunda İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəldiyi barədə iddialar səsləndirilir.

Belə ssenarilərin reallaşması qlobal neft təklifinin azalması ilə nəticələnə bilər. Bu isə onsuz da yüksək qeyri-sabitlik şəraitində olan bazarda qiymətlərin daha uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər. Azərbaycan üçün isə belə bir vəziyyət neft gəlirlərinin və büdcə daxilolmalarının artması baxımından əlverişli mühit yarada bilər.

Beləliklə, Yaxın Şərqdəki geosiyasi gərginlik bir tərəfdən dünya enerji bazarı üçün əlavə risklər yaratsa da, digər tərəfdən enerji və yük axınlarının alternativ marşrutlara yönəlməsini sürətləndirir. Bu proses Xəzər və Cənubi Qafqaz üzərindən keçən nəqliyyat və enerji dəhlizlərinin strateji əhəmiyyətini daha da artırır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

News thumbnail
iqtisadiyyat

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

News thumbnail
iqtisadiyyat

13 il əvvəl törədilən qətlin təfərrüatı: 100 manata görə...

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

Bugün, 15:58
News thumbnail
Bugün
cemiyyet

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Bugün, 15:57
News thumbnail
Bugün
cemiyyet

Qatarda sərnişinlər ayaqyolunda dayanıb?

Bugün, 15:55
News thumbnail
Bugün
siyaset

Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 48 %-ə yaxın artıb

Bugün, 15:52

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Dənizdə batan tələbələrin - Fotosu

Bugün, 15:52
News thumbnail
Bugün
cemiyyet

Sabahdan bu stansiyalara giriş ödənişsiz olacaq

Bugün, 15:52
News thumbnail
Bugün
siyaset

Göyçayda moped və motosiklet toqquşub, 2 nəfər xəsarət alıb

Bugün, 15:50
News thumbnail
Bugün
siyaset

Rubio: ABŞ BMT Baş Assambleyasında İranla görüşə hazırdır

Bugün, 15:49
News thumbnail
Bugün
siyaset

Azərbaycan və Türkiyənin vəkillik institutları arasında əməkdaşlıq müzakirə olunub

Bugün, 15:48
News thumbnail
Bugün
siyaset

Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır

Bugün, 15:46
News thumbnail
iqtisadiyyat

Əşyaları dəyərindən 20 dəfə baha satıldı

News thumbnail
iqtisadiyyat

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb