
Hüquqinfo.az bildirir ki,
Qətər suveren fondunun – təxminən 580 milyard dollar həcmində aktivlərə malik Qatar Investment Authority (QIA) – ölkə daxilindəki portfelinin idarə edilməsi və inkişafı üçün Doha Investment investisiya platforması yaradacaq.
"Hüquqinfo.az"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu ölkənin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, yeni struktur milli şirkətlərin inkişafına, böyüyən biznesin dəstəklənməsinə, kapital bazarlarının dərinləşdirilməsinə, həmçinin beynəlxalq investisiyaların və ekspertizanın cəlb edilməsinə kömək edəcək.
Qətər qarşıdakı beş il ərzində, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində təxminən 38,5 milyard dollar dəyərində infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. Bundan əlavə, daşınmaz əmlak və hotel biznesinə təxminən 22,5 milyard dollar həcmində özəl investisiya yatırılması gözlənilir.
Doha Investment platformasının yaradılması regionda müharibə başlamazdan əvvəl planlaşdırılıb. Hakimiyyət hesab edir ki, yeni struktur QIA-ya xaricdəki investisiyalarını daha səmərəli idarə etməklə yanaşı, Qətər iqtisadiyyatının inkişafına daha çox diqqət yetirməyə imkan verəcək.









