










Hüquqinfo.az bildirir ki,
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün xarici investisiyaların cəlb edilməsinə fokuslanıb.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, hərtərəfli islahatlar sayəsində iqtisadiyyatımız dayanıqlılıq nümayiş etdirib: "Bizim iyul proqnozuna görə, 2026-cı ilin sonuna qeyri-neft-qaz ümumi daxili məhsulunun (ÜDM) artımı 3,4 % təşkil edəcək, cari əməliyyatlar hesabının profisiti isə 6,1 milyard ABŞ dolları səviyyəsində olacaq. İnflyasiya hədəf diapazonunda sabitləşib və onun orta müddətli dövrdə bu çərçivədə qalacağını gözləyirik. Lakin fərdi dayanıqlılıq təkbaşına sistemik qlobal qeyri-sabitlik qarşısında dayanmaq üçün artıq kifayət etmir. Uzunmüddətli dayanıqlı artım getdikcə daha çox güclü beynəlxalq tərəfdaşlıqlardan asılıdır".
"Bu fonda bizim prioritetimiz aydındır: dayanıqlı iqtisadi artımı dəstəkləmək üçün infrastrukturu, sənaye inkişafını və regional qoşulmanı maliyyələşdirmək məqsədilə beynəlxalq kapitalı səfərbər etmək. Bu kontekstdə Orta Dəhlizdə strateji mövqedə yerləşən nəqliyyat və logistika qovşağı kimi Azərbaycan xarici investisiyaların cəlb edilməsi və daha şaxələndirilmiş iqtisadi trayektoriyanın formalaşdırılması baxımından xüsusilə mühüm mövqeyə malikdir", - deyə baş bankir əlavə edib.
Onun sözlərinə görə, kapitalın səfərbər edilməsi investorların risk qavrayışından və məlumatların şəffaflığından asılıdır: "Dünya Bankının məlumatına görə, müvafiq infrastruktur investisiyaları, təkmilləşdirilmiş logistika və daha yüksək əməliyyat səmərəliliyi ilə Orta Dəhliz boyunca ticarət axını 2030-cu ilə qədər 3 dəfə artırıla, tranzit vaxtı isə yarıbayarı azaldıla bilər. Məhz burada beynəlxalq tərəfdaşlarımızın və maliyyə institutlarımızın mühüm rolu var. Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər beynəlxalq maliyyə institutları maliyyələşdirmə, texniki yardım və institusional əməkdaşlıq vasitəsilə Azərbaycanın inkişaf prioritetlərini dəstəkləməkdə davam edirlər. Birlikdə götürdükdə, bu tərəfdaşlıq göstərir ki, uğurlu beynəlxalq maliyyə əməkdaşlığı yalnız maliyyə təmin etməkdən ibarət deyil. Bu, davamlı iqtisadi dəyər yaradan uzunmüddətli tərəfdaşlıqların qurulması deməkdir. Əlbəttə ki, kapitalın səfərbər edilməsi həm də investorların riski necə qavramasından,onlar üçün mövcud olan məlumatların keyfiyyətindən və şəffaflığından asılıdır".









