
Hüquqinfo.az bildirir ki,
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Quba İdman İstirahət Təlim və Tədris Kompleksində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin, Quba rayonun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə isə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib.
Hüquqinfo.az FHN-ə istinadən xəbər verir ki, məşqlərin keçirilməsində məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüşü, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.








