
Hüquqinfo.az bildirir ki,
Hazırda biznes və hökumətlər hara investisiya yatırmaq, hansı istiqamətlərə üstünlük vermək, kimlərlə ticarət aparmaq və hansı əlaqələrə etibar etmək məsələlərini yenidən nəzərdən keçirirlər.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, bu proses qloballaşmanın formasının dəyişdiyi bir dövrdə baş verir.
“Xərc və səmərəlilik vacib olaraq qalır. Bununla yanaşı, tərəfdaşların etibarlılığı və təchizat zəncirlərinin dayanıqlılığı iqtisadi qərarların qəbulunda daha böyük əhəmiyyət daşıyır”, – Mikayıl Cabbarov qeyd edib.
O bildirib ki, Azərbaycanın bu çağırışlara cavabı uzunmüddətli tərəfdaşlıq vasitəsilə formalaşdırılmış etimada əsaslanmaq, regionlar arasında əlaqələri gücləndirmək və bu əlaqələrdən tranzit və bağlantı imkanlarından daha geniş miqyasda əlavə dəyər yaratmaq üçün istifadə etməkdir.









