










Hüquqinfo.az bildirir ki,
Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə münasibətlərin yüksək səviyyədə olması istiqaməti prioritetdir. Qarşılıqlı maraqların təmin olunması başlıca prinsip sayılır. Lakin son zamanlar Avropada yenə məqsədli şəkildə anti-Azərbaycan kampaniyası aparılır. Avropanın bir sıra institutları rəsmi Bakıya qarşı fəaliyyətini davam etdirir. Onlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan qarşı sərt tədbirlər görməyə çağırırlar.
Beynəlxalq arenada yaranan vəziyyəti görməzdən gələnlər qitənin energetika təchizatında Azərbaycanın oynadığı rolun mahiyyətini təhrif edirlər.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunziç bu ay Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən "LINKS Europe" Fondu ilə birgə təşkil edilmiş dəyirmi masada münasibətlərin yeni mərhələyə keçdiyini bəyan etdi.
Ayın sonunda isə tərəflər genişmiqyaslı ikitərəfli saziş və 2030-cu ilə qədər Tərəfdaşlıq Prioritetlərinin müzakirəsini davam etdirirlər.
Sentyabrda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda səfərdə olub.
Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Fransa, Macarıstan, Bolqarıstan və İsveçrə xarici işlər nazirləri ilə regionda sabitlik, təbii qaz tədarükünün müzakirəsi üçün görüşləri keçirib.
Sentyabrın ortalarında Azərbaycandan Avropaya Türkiyə və Gürcüstan vasitəsilə "yaşıl enerji" ixracı üzrə yeni layihələr təsdiqlənib.
Sentyabrın 24–25-də Bakıda Almaniya - Azərbaycan əlaqələr konfransı, aparıcı Avropa analitik mərkəzlərinin iştirakı ilə Beynəlxalq İnvestisiya Forumu da daxil olmaqla iqtisadi tədbirlər keçirilir.
Torpaqları işğal altında olanda da Avropada anti-Azərbaycan ünsürlər tapılırdı. Onlar rəsmi Bakıya ərazilərindən imtina etmək üçün təzyiq göstərənləri dəstəkləyirdilər. Belələri ermənilərin Azərbaycan torpaqları ilə bağlı uydurmalarını reallıq kimi təbliğ edirdi. Onlar Avropada həqiqəti qaralamaqla erməni lobbisi və havadarlarına yarınmağa çalışırdılar.
Təhriflər və ənənəvi qərəzli münasibət, regiona siyasi-ideoloji cəhətdən yanlış yanaşma yenə davam edir.
Münaqişənin həllində vasitəçilərin tərəfsiz olması, tərəflərə eyni məsafədən yanaşması başlıca şərtlərdəndir. Əks halda, problemin həllində çətinliklər yaşanar.
Azərbaycan beynəlxalq vasitəçilərin münaqişənin həllində Ermənistanın tərəfini saxlaması faktını görüb. Onların belə qərəzli davranışına bir qayda olaraq etiraz edib. Bu tərəfli münasibət nəticəsində Azərbaycan torpaqlarının danışıqlar, dinc yolla işğaldan azad edilməsi 30 ilə yaxın gecikdi.
Azərbaycanla Ermənistan arasında mövcud sülh kövrəkdir. Bu özünü Gəncəsər monastırına münasibətdə bir daha göstərdi. Təcavüzkar konstitusiyasını hələ də dəyişməməsi Ermənistanın əldə edilmiş razılaşmalara münasibətinə kölgə salır. Belə davranış isə sülh prosesinə, normallaşmaya problem yaradır.
Təbii ki, barış, qarşılıqlı əməkdaşlıq kimi məsələlərə belə alayarımçıq münasibət göstərən Ermənistan hökumətinin Avropadan dəstəklənməsi yenə əvvəlki qərəzli dövrləri yada salır.
Ermənistanın Baş naziri Nikol Paşinyana bu günlərdə Hessen Sülh Mükafatı (Albert Osvald alman fondunun regional mükafatı - red.) verilib. O, "Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə" bu mükafata layiq görülüb.
2019-cu ilin mayında Nikol Paşinyan Şuşanı işğal etdikləri gün Cıdır düzündə yallı gedib. O, işğal gününü Azərbaycan torpaqlarında qeyd etməklə bu hadisənin iştirakçılarını da təbrik etmişdi. Nikol Paşinyan bununla da məcburi köçkün həyatı yaşamış milyondan çox azərbaycanlını, minlərlə şəhidi, Xocalı soyqırımı və başqa bu kimi hadisələri görməzdən gəlmişdi.
Yaxud 2019-cu ildə Tehranda ermənilərin Ararat idman-kompleksində "Qarabağ Ermənistandır, nöqtə" deməklə o, yenə öz işğalçı mahiyyətini nümayiş etdirmişdi. Paşinyan bu şüarı 2019-cu ilin avqustunda o vaxt işğal altında olan Xankəndi şəhərinə qanunsuz səfəri zamanı, həmin ilin sentyabrında Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında da təkrarlamışdı.
Digər tərəfdən, Azərbaycan torpaqlarında 44 gün müharibə aparan işğalçı ordunun "ali baş komandanı" olmuşdu.
Sirr deyil ki Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Müharibə başa çatandan dərhal sonra Ermənistanın baş naziri ilə birbaşa ikitərəfli danışıqlara başlamağı təklif etdi. Bunun ardınca rəsmi Bakı danışıqlar üçün təkliflər paketinin də təşəbbüsçüsü və müəllifidir. Elə hazırda Ermənistanla ABŞ arasında razılaşdırılan TRIPP (Zəngəzur yolu) layihəsinin əsas təşəbbüskarlarından biri Azərbaycandır. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh sazişinin müəllifi rəsmi Bakıdır. Ötən ildən Ermənistana Azərbaycandan keçməklə yükdaşımalarının reallaşması da onun razılığı ilə reallaşır.
Sülh, normallaşma, əməkdaşlıq, bir-birinə etibarın artması, etimad mühitinin yaranması kimi məsələlərin də lokomotivi, aparıcısı rəsmi Bakıdır.
Bu siyahını uzatmaq da olar. Azərbaycanın bu istiqamətdə gördüyü işləri beynəlxalq ictimaiyyət, habelə ATƏT-in keçmiş Minsk qrupu həmsədrləri də bilir.
Azərbaycanın sülhsevərliyinə aid başqa bir örnəyi də deməmək olmur. Prezident İlham Əliyevin İsrail vətəndaşı, bloger Aleksandr Lapşini, bu günlərdə Fransa vətəndaşı Martin Ryanı əfv etməsi Azərbaycanın humanistliyinin çoxsaylı göstəricilərindən sayılır. Humanizm, bağışlamaq daim Azərbaycanın dövlət başçısının başlıca prinsiplərindəndir.
Yeri gəlmişkən, sözügedən Fond Hessen federal torpağının keçmiş baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib. Onun sülh mükafatı müharibələrə və zorakılığa son qoyulması, münaqişələrin həlli və qarşısının alınması, həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində səylərin təşviq edilməsində xidmətləri olan şəxslərə verilir.
Albert Osvald Almaniya Sosial-Demokrat Partiyasının üzvü, aparıcı simalarından olub. Bu partiyanın aparıcı fiqurları anti-Azərbaycan təbliğatı aparırlar. 2025-ci ildən bu siyasi təşkilat Fridrix Mertsin hökumətinə daxildir. Son illər Bundestaqın deputatı və AŞPA-dakı Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin anti-Azərbaycan çıxışları ilə seçilir. O, Azərbaycan torpaqlarına işğalçı Ermənistan mövqeyindən yanaşmaqla qərəzli olduğunu isbatlayıb.
2024-cü ilin yanvarında Şvabenin başçılıq etdiyi AŞPA nümayəndə heyətinin təşəbbüsü Azərbaycan nümayəndə heyətinin Assambleyada səlahiyyətlərinin təsdiqlənməməsinə səbəb olmuşdu.
Partiyanın başqa bir üzvü - 1998-2025-ci illərdə Bundestaqın üzvü olmuş, 2013-2021-ci illərdə Almaniya Xarici İşlər Nazirliyində Avropa məsələləri üzrə dövlət naziri vəzifəsini tutmuş Mixael Rotdur. O da anti-Azərbaycan mövqeyində olan almaniyalı siyasilərdəndir.
Bu iki örnəyi xatırlatmaqda məqsəd Almaniya Sosial Demokratlar Partiyasında anti-Azərbaycan mühitinin olmasına diqqəti yönəltməkdir. Belə bir partiyanın təsis etdiyi mükafatın verilməsində obyektivliyin olmaması da onun siyasi-ideoloji və təbliğati mahiyyətindən irəli gəlir.
Yeri gəlmişkən, əlləri azərbaycanlıların qanına bulaşmış, Azərbaycan torpaqlarının işğalında əsas rolları oynamış Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan da Fransa, Yunanıstan kimi ölkələrinin ordenləri ilə təltif olunublar. Həmin dövlətlər bu mükafatları Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu illərdə veriblər. Bununla da sanki onların Azərbaycana qarşı etdiyi cinayətləri mükafatlandırıblar.
Odur ki, Nikol Paşinyanı Hessen mükafatına layiq görənlər Koçaryan və Sarqsyana orden verənlərdən o qədər də fərqlənmirlər.









