
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) böyük miqyaslı investisiya və emal layihələri ilə paralel olaraq, korporativ sahibkarlıq mühitinin və daxili innovasiya mexanizmlərinin gücləndirilməsinə xüsusi diqqət yetirir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentinin və "SOCAR İnnovasiya" MMC-nin rəhbəri Teymur Əliyev "Baku ID 2026" (Baku Investment Day) tədbirinin ikinci günündə çıxışı zamanı bildirib.
T. Əliyevin sözlərinə görə, şirkət daxilində həyata keçirilən ilk innovasiya proqramına elan edildiyi tarixdən 3 ay müddətində 240-dan artıq müraciət və ideya təqdim olunub: "Şirkətimiz iri layihələrin idarə edilməsində və neft emalı sahəsində geniş təcrübəyə sahibdir. Ancaq ideyadan inkişafa qədər olan mərhələlərdə və sahibkarlıq yönümündə dəstəyə ehtiyac duyurduq. Daxili proqramımız hər bir işçiyə öz yaradıcı ideyasını irəli sürmək şansı verir. Daxil olan müraciətlər arasında kiçik miqyaslı təkmilləşdirmələr, qısa müddətdə nəticə verən təşəbbüslər var idi ki, bu da tam mənada innovasiya hesab olunmasa da, inkişaf prosesinə töhfə qoyur".
SOCAR nümayəndəsi vurğulayıb ki, sənayeni və mövcud çətinlikləri yaxından bilən peşəkar mütəxəssislər bəzən daha effektiv nəticələr əldə edirlər: "Biz müşahidə etdik ki, rəfdə qalmış çoxsaylı perspektivli ideyalar və patentləşdirilmiş layihələr mövcuddur. Lakin alim və ya mühəndis olan əməkdaşlarımızda biznes düşüncəsini inkişaf etdirmək üçün yanaşmanı dəyişmək zərurəti yarandı. Bu prosesdə "SABAH.HUB", "Viveka" və digər tərəfdaşların köməyi ilə inkubasiya və akselerasiya proqramları təşkil etdik, ideyaları Minimum İşlək Məhsul (MVP) və biznes-plan səviyyəsinə çatdırdıq. Hazırda daxildə 8 startapımız fəaliyyət göstərir ki, onları müstəqil şirkət formasında ayırmaq və ya daxili məhsul olaraq saxlamaq imkanı var".
T. Əliyev həmçinin əlavə edib ki, SOCAR yalnız daxili imkanlarla məhdudlaşmır, həm yerli, həm də beynəlxalq startaplarla əməkdaşlığa hazırdır: "Şirkət bu istiqamətdə "The WIN" ("What Is Next?") proqramını işə salıb. Bu proqram çərçivəsində TRL 5 və daha yuxarı texnoloji hazırlıq pilləsində olan startaplara öz texnologiyalarını sınaqdan keçirmək üçün imkan yaradırıq. Proqrama son müraciət tarixi sentyabrın 22-dir. Hətta müəyyən limit daxilində öz büdcəmizdən pilot layihələrin reallaşdırılmasına da maliyyə dəstəyi göstəririk".









