










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın Şirvan bürosu xəbər verir ki, media-tur zamanı PASHA Hospitality Group-un baş icraçı direktoru Mehmet Balçik medya nümayəndələrinə ətraflı məlumat verib.
Bildirilib ki, Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır: "Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.
Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir. Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb. Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub. Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.
Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. Ümumilikdə 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, kompleksin ərazisində daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.










