










Hüquqinfo.az bildirir ki,
Azərbaycanda məhsul şəhadətnaməsinin müddəti məhsulun təhvil verilməsi və yaxud məbləğin qaytarılması ilə başa çatacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
"Hər bir qiymətli kağızın müəyyən müddəti və həmin müddət ərzində nəzərdə tutulan öhdəliyi olur. Məhsul şəhadətnaməsi üzrə məhsulun təhvil verilməsi və yaxud məbləğin geri ödənilməsi ilə qiymətli kağızın müddəti başa çatmış olur. Şəhadətnamənin qiyməti necə müəyyənləşəcək? Bu halda bazar qiymətləri əsas götürüləcək. Təbii ki, burada iki tərəf var və qarşılıqlı razılaşma əsasında müəyyən qiymət müəyyənləşdirə bilərlər. İki tərəfin razılığı olmadıqda isə, bu mümkün olmayacaq", - deyə o qeyd edib.
Nazir müavini həmçinin deyib ki, məhsul şəhadətnaməsindən istifadə fermer üçün məcburi olmayacaq: "Bi, bizdə pambıq sahəsində var. Tədarükçü müqavilə bağlayır ki, yekunda məhsulu mənə gətirərsən və mən səndən bu qiymətə satın alacağam. Məhsul şəhadətnaməsi isə bunun başqa formada - qiymətli kağız şəklində ifadəsidir. Sadəcə, müqavilə icra edilmədikdə problem yaranırdı, mülki münasibət olduğu üçün iş məhkəməyə gedirdi və uzun prosesə səbəb olurdu. Məhkəmə qərarlarının icraya yönəldilməsi və mübahisələrin həlli də çox uzun vaxt aparırdı. Qiymətli kağız isə bu imkanı sizə daha qısa müddətdə verir. Yəni, istəyirik ki, bu sahəni daha da iqtisadi edək və iqtisadi münasibətlərin içinə daxil etdiyimiz bütün fermerlərimizi əhatə edək. Şəhadətnamə məcburi deyil. İstənilən şəxs qiymətli kağızı buraxa bilər, istənilən şəxs buraxmaya bilər. Və dolayısıyla bundan istifadə etmək qərarını verəcək olan fermerin özüdür. Fermer bu qərarı verərkən müəyyən risklərin çıxa biləcəyini düşünə bilər".
Bundan başqa, onun sözlərinə görə, məhsul şəhadətnaməsi üzrə sığorta da könüllü olacaq: "Təbii fəlakət olduqda necə tənzimlənəcək? Məhz sığorta imkanı bu səbəbdən qanuna daxil edilib və könüllülük prinsipi ilə müəyyənləşdirilib. İcbari sığorta müəyyən edilməyib. Bir tərəfdən tərəflərə sərbəstlik verilmək istənilib. Çünki sığortada xərclər yaranır və bizim kiçik fermerlərimiz xüsusilə sığorta xərclərindən də şikayət edə bilərlər. Bu səbəbdən hazırda qanunda nəzərdə tutulan redaksiyada və məncə, ilk mərhələdə bu anlayışların könüllü olması daha məqsədəuyğundur. Çünki tərəflər özləri risk qiymətləndirməsini aparıb, buna əsasən sığorta edib-etməmək barədə qərar verə bilərlər. Yəni təbii fəlakət nəticəsində yaranan risk onun sığortalanması ilə qarşılanmış ola bilər. Çünki sığorta məbləği də oraya yönləndirilir. Əgər siz becərdiyiniz məhsulun onsuz da riskli olduğunu, yaxud riskli yerdə bitdiyini düşünürsünüzsə, məqsədəuyğundur ki, məhsul şəhadətnaməsini buraxarkən onu sığorta etdirəsiniz. Sığorta da yekunda sizin bu kağız üzrə öhdəliyinizi icra etməyinizə kömək etmiş olacaq və dolayısıyla hər iki tərəf qazanmış olacaq".










