










Hüquqinfo.az bildirir ki,
Azərbaycan yollarında son zamanlar vətəndaşların hüquqlarını kobud şəkildə pozan, böyük narahatlıq və hüquqi xaos yaradan ciddi bir məsələ üzə çıxıb. Sürücülük vəsiqəniz, heç bir xəbəriniz və razılığınız olmadan, etibarnamə və notaruis təsdiqi olmadan başqaları tərəfindən istifadə edilə, adınıza yol vərəqələri rəsimləşdirilə bilər.
Bu özbaşınalıqla şəxsən qarşılaşan vətəndaşlardan birinin başını ağrıdan hadisə artıq fərdi problem çərçivəsindən çıxaraq, kütləvi qanunsuzluq siqnalına çevrilib:
"Sürücülük vəsiqəmin məlumatlarından istifadə edilərək adıma yol vərəqəsi yazılıb və tam 5 aydır ki, avtomobil başqa şəxslər tərəfindən sürülür. Avtomobil bir şirkətə məxsusdur və həmin şirkətin adı altında qeyri-qanuni işlər görülür. Mənim xəbərim olmadan törədilən qayda pozuntularının cərimələri, sürücülük balı mənim adıma yazılır. Kimin və necə maşın sürdüyündən xəbərim yoxdur, amma məsuliyyəti mən daşıyıram."
Qanunvericilik Nə Deyir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnun başqa şəxsə verilməsi yalnız mülkiyyətçinin notarizasiya olunmuş etibarnaməsi və ya müvafiq hüquqi əsaslar çərçivəsində mümkündür. Vətəndaşın xəbəri, yazılı razılığı və şəxsi iştirakı olmadan onun adına yol vərəqəsinin tərtib olunması, avtomobilin başqasına həvalə edilməsi və Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən bu sənədlərin yoxlanılmadan həyata keçirilməsi açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır. Bu, həm İnzibati Xətalar Məcəlləsinin, həm də Cinayət Məcəlləsinin müvafiq maddələrinin pozulması deməkdir.
Bu sistem boşluğundan istifadə edən bəzi şirkətlər və məsuliyyətsiz şəxslər qanunsuz yollarla kənar şəxslərin məlumatlarını əldə edərək cərimələrdən, hüquqi cavabdehlikdən yayınırlar. Bu gün bir vətəndaşın başına gələn bu hadisə sabah hər bir sürücünün başına gələ bilər.
Məhkəmə Prosessual Addımları və Kütləvi Müraciət Çağırışı
Zərərçəkən vətəndaş artıq pozulmuş hüquqlarının bərpası, adına yazılan haqsız cərimələrin və balların ləğvi, həmçinin bu saxtakarlığı edən şirkət və buna göz yuman cavabdeh şəxslərin cəzalandırılması üçün məhkəməyə müraciət edir.
Lakin məsələ yalnız bir nəfərin məhkəmə çəkişməsi ilə bitmir. Bu problemin kütləvi xarakter daşıdığı ehtimal olunur.
Bənzər Parakəndə və Qanunsuzluqla Qarşılaşan Sürücülərin Diqqətinə!
Eyni problemdən əziyyət çəkən, xəbəri olmadan adına yol vərəqəsi yazılan, tanımadığı avtomobillərin cərimələrini ödəmək məcburiyyətində qalan bütün vətəndaşları bizimlə əlaqə saxlamağa və müraciət etməyə çağırırıq.
Sizin də şikayətləriniz qeydə alınacaq və toplanmış faktlar əsasında aidiyyəti dövlət qurumlarına (Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Baş Prokurorluq) kütləvi və rəsmi müraciətlər ünvanlanacaq.
Hüquqlarınıza sahib çıxın, başqalarının qanunsuz əməllərinin qurbanına çevrilməyin!









