
Hüquqinfo.az bildirir ki,
Macarıstan zəruri şərtləri yerinə yetirəcəyi təqdirdə birlik fondlarından təxminən 3,5 milyard avro və iqtisadiyyatın bərpası üzrə yeni plan çərçivəsində təxminən 10 milyard avro daxil olmaqla, təxminən 13,5 milyard avro Avropa İttifaqı (Aİ) vəsaiti əldə bilər.
"Hüquqinfo.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Matsey Berestetski Brüsseldə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Macarıstan üçün Bərpa və Dayanıqlılıq Fondunun vəsaitləri ayrı bir prosedurla tənzimlənir. Təsdiqlənmiş Macarıstan planı üzrə vəsaitlərin ümumi həcmi təxminən 10 milyard avro təşkil edir. Buna əsasən, Macarıstan sentyabrın sonunadək ödəniş sorğusu təqdim etməlidir, bundan sonra Avropa Komissiyası onu qiymətləndirəcək və nə qədər vəsaitin blokdan çıxarıla biləcəyini müəyyən edəcək.
Birlik fondlarından olan 3,5 milyard avroluq Aİ vəsaitinə gəldikdə isə, Komissiyanın maliyyə məhdudiyyətlərinin bir hissəsinin ləğv edilməsi ilə bağlı bugünkü təklifinə baxmayaraq, bu vəsaitlər Macarıstan üçün bloklanmış olaraq qalır.
Daha əvvəl, sentyabrın 23-də Avropa Komissiyası Aİ Şurasına Macarıstana qarşı qəbul edilmiş bir sıra tədbirləri ləğv etməyi təklif edib. Şura tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu, 4,2 milyard avro məbləğində vəsaiti blokdan çıxarmağa, həmçinin macar tələbə və tədqiqatçılarının "Erasmus+" və "Horizon Europe" proqramlarına tam çıxışını bərpa etməyə imkan verəcək.
"Bu, mühüm addımdır və müsbət siqnaldır", - Avropa Komissiyasının nümayəndəsi Balaş Ujvari brifinqdə bildirib.
B.Ujvarinin sözlərinə görə, tədbirlərin yekun olaraq ləğv edilməsi barədə qərarı indi bir ay ərzində Aİ Şurası qəbul etməlidir. Həmin vaxta qədər mövcud məhdudiyyətlər qüvvədə qalır.










