
Hüquqinfo.az bildirir ki,
Yaşayıb-yaratdığı dövrdən beş əsr keçməsinə baxmayaraq, bu gün də hər beyti, hər misrası ilə heyrət doğuran Məhəmməd Füzuli...
Türk-müsəlman dünyasının, bütövlükdə Şərq ədəbiyyatının ən qüdrətli simalarından olan Füzuli öz zəngin ədəbi irsi və poetik düşüncəsinin dərinliyi ilə əsrlərin yaddaşından süzülərək hələ də müraciət ünvanı, tədqiq mərkəzi, tükənməz mənəvi-estetik qaynaqdır. XVI əsrdən bu günədək Füzuli irsinə marağın səngiməməsi də təsadüfi deyil. Füzuli estetikasının hər hər səhifəsində yeni və fərqli cavablar, bəşəri ifadə biçimləri tapılır və tapılmaqdadır.
Füzuli özündən əvvəlki ustadların, Nizaminin, Xaqaninin, Həbibinin və başqa böyük söz nəhənglərinin yaradıcılığına yaxından bələd olmuşdur. Onun əsərlərində bu poetik irsin izləri, ayrı-ayrı motiv və düşüncə paralelləri aydın sezilir. Lakin Füzuli sələflərindən öyrənməklə kifayətlənməmiş, əldə etdiyi böyük ədəbi təcrübəni yeni poetik mərhələyə yüksəltmişdir. O, XVI əsrədək formalaşmış anadilli ədəbiyyatın imkanlarını genişləndirmiş, ana dilinin ifadə qüdrətini bütün zənginliyi ilə nümayiş etdirmiş və nəticədə yalnız Azərbaycanda deyil, bütövlükdə Şərq ədəbiyyatında Füzuli ədəbi məktəbinin əsasını qoymuşdur.
Füzuli yaradıcı dünyası məna və məzmun zənginliyi, fəlsəfi dərinliyi və yüksək bədii səviyyəsi ilə, əslində, hiss və düşüncənin poetik inqilabıdır. Şair Azərbaycan poeziyasını elə bir bədii mərtəbəyə qaldırmışdır ki, bu zirvə beş əsr sonra da öz ucalığını qoruyur və dünya poeziyasının ümumi mənzərəsində aydın görünür. Bir sözlə, Füzuli şeiri insanın sevgisini, iztirabını, ümidini, tənhalığını, ilahi və dünyəvi axtarışlarını sözün ən incə qatlarında ifadə edən böyük bir mənəviyyat xəritəsidir.
Əlbəttə, bu yaradıcılığın əhəmiyyəti təkcə poetik gözəllik yaratmaqla məhdudlaşmır. Füzuli klassik ədəbiyyatda qəlibləşmiş ifadə və düşüncə formalarına yaradıcı münasibət göstərmiş, köhnələn poetik normaların sərhədlərini aşaraq sözə və obraza yeni nəfəs gətirmişdir. Onun yaradıcılığında klassik ənənə qorunmaqla yanaşı, həmin ənənə daxilən yenilənmiş, daha sərbəst, daha dərin və daha fərdi poetik təfəkkürlə zənginləşdirilmişdir.
Füzuli qüdrətinin əsas sirri də məhz bundadır: o özündən əvvəl işlənmiş söz və ifadə formalarına belə yeni ruh verməyi, onları yeni məna və məzmunla yükləməyi bacarırdı. Şair həyat hadisələrinin daxilinə nüfuz edir, insan ruhunun ən gizli qatlarını, görünməz tərəflərini sözə çevirirdi. Buna görə də Füzuli eyni hadisəni başqalarından fərqli görür, fərqli düşünür və fərqli yozurdu. Onun söz sənətini əsrlər boyu yaşadan da məhz bu bənzərsiz baxış və poetik təfəkkür qüdrətidir.
Filologiya üzrə elmlər doktoru, professor, füzulişünas alim Ataəmi Mirzəyev məhz, bu mənada, Füzuli yaradıcılığını klassik Azərbaycan poeziyasının ən yüksək zirvəsi hesab edir.
Yəni alim Füzuli şeiriyyatını təkcə məzmun baxımından deyil, söz, obrazlı deyim və ifadə tərzi, dil-üslub və sənətkarlıq xüsusiyyətləri baxımdan seçildiyini ifadə edir.
"Füzuli sənəti ilə göstərdi ki, Azərbaycan türkcəsi ən zərif, incə hiss və düşüncələri yüksək poetik bir dillə yüksək səviyyədə ifadə etməyə qadirdir. O öz şeirində xalq danışıq dilinin zənginliyini klassik poeziyanın qəlibləri ilə birləşdirdi. Füzuli şeirinə xas olan dərin kədər, qüssə, eşq iztirabı və səmimiyyət klassik poeziya dilinə tamamilə yeni bir emosional ahəng gətirdi. O əruz vəzninə məxsus 10 bəhrdən istifadə edərək Azərbaycan şeirinə yeni bir ritm və ahəng gətirdi ki, ona qədər ədəbiyyatımızda əruzun 9 bəhrindən istifadə edilmişdi. Füzuli şeiri söz, ifadə, obraz və məcazlar sistemi baxımından o qədər zəngin və çoxçeşidlidir ki, onun dil və üslubu sonrakı əsrlərdə Azərbaycan ədəbiyyatında güclü bir ənənəyə çevrilmişdir".
Professor Füzuli dilinin ahəngdarlıq və ritminin Azərbaycan muğamlarında istifadəsini şərtləndirməsinə də diqqət çəkib. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, sonrakı dövrlərdə xalq musiqisində və aşıq sənətində Füzuli şeirlərinin oxunması ənənəsi yarandı. Təsadüfi deyil ki, Üzeyir bəy Hacıbəyov ilk Azərbaycan operasını da məhz Füzulinin "Leyli və Məcnun" poeması əsasında bəstələmişdir.
Doğrudan da, Füzuli poeziyasının musiqi ilə bu qədər üzvi şəkildə qovuşması, vəhdət təşkil etməsi, ilk növbədə, onun şeirlərindəki daxili ritm, ahəng və güclü emosional təsirlə bağlıdır. Onun lirikasında söz və musiqi arasında yaranan təbii harmoniya bu nümunələri musiqi dünyamızın ayrılmaz hissəsinə çevirib.
Füzulinin Azərbaycan ədəbiyyatındakı yeri isə yalnız yaşadığı XVI əsrlə məhdudlaşmır. Onun yaratdığı poetik ənənə sonrakı yüzilliklərdə şairlərin dilinə, üslubuna, obrazlar sisteminə və bədii düşüncəsinə ciddi təsir göstərib. Füzuli qəzəllərinə yazılan nəzirə və təxmislər, onun poetik ifadə vasitələrinin müxtəlif dövrlərdə davam etdirilməsi bu təsirin miqyasını göstərir.
Şübhəsiz, Füzuli yaradıcılığından danışırıqsa, dini və təsəvvüfi düşüncənin onun yaradıcılığının poetik dünyagörüşünün əsas qatlarından birini təşkil etməsinə toxunamaq olmaz. Şair insanın mənəvi kamilliyə çatmasını, nəfsdən uzaqlaşmasını, səbir, təvəkkül, sədaqət və eşq yolu ilə həqiqətə yönəlməsini müxtəlif obraz və rəmzlər vasitəsilə ifadə edir. Onun poeziyasında eşq insanı dəyişdirən, saflaşdıran və mənəvi yüksəlişə aparan qüvvə kimi təqdim olunur. Aşiqin çəkdiyi əzab, hicran, həsrət və fədakarlıq təsəvvüfi düşüncədə insanın haqqa doğru uzanan yolunun mərhələlərini xatırladır. Bu baxımdan, Füzulinin əsərlərində zahiri hadisələrin arxasında daha dərin mənəvi məna dayanır.
Məşuq, eşq, hicran, vüsal, mey, saqi, könül, dərd və eşq odu kimi obrazlar həm klassik poeziyanın ənənəvi bədii vasitələri, həm də şairin dini-fəlsəfi düşüncəsini ifadə edən rəmzlər kimi çıxış edir. Xüsusilə "Leyli və Məcnun" poemasında Məcnunun eşq yolu ilə dünyəvi bağlılıqlardan uzaqlaşması və mənəvi yüksəlişi Füzulinin eşqi insan varlığının ən yüksək dəyərlərindən biri kimi təqdim etdiyini göstərir.
Filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev bu konteksdə Füzulinin təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Türk dünyasında ən böyük eşq şairi olmasına diqqət çəkir.
"Bu, dünyəvi eşqdən başlayaraq ilahi, təsəvvüfi eşqə qədər olan bir sahəni çevrələyir. Eşq onun yaradıcılığının canını, mayasını təşkil edir. Eşq və məhəbbət kimi ülvi hisslərin poetik ifadəsində Füzuli lirizmi ilə müqayisə edilə biləcək ikinci bir sənətkar tapmaq çox çətindir. Şair eşq və gözəlliyə bir-birini tamamlayan iki ilahi varlıq kimi baxmış, öz lirikasında eşq ilə hüsnü vəhdətdə vermişdir. Füzuliyə görə, sevgili gözəlliyi, yəni hüsnü təmsil edir. Hüsn nə qədər çox olarsa, eşq də o qədər artıq olar:
Alimin sözlərinə görə, Azərbaycan ədəbiyyatı tarixində anadilli epik şeir özünün zirvə mərhələsinə məhz Füzulinin "Leyli və Məcnun" əsəri ilə yüksəlmişdir.
"Bu əsər bir eşq dastanıdır. Poemanın həm dibaçəsində (girişində), həm də ondan sonra verilən üç rübainin birincisində də eşq və hüsn sözləri vəhdətdə verilir, bir-birini tamamlayır. Təsəvvüf termini olan bu sözlər əsərdə özünə xas irfani məzmuna malikdir. Əsərdə Leyli və Məcnun hüsn və eşqin rəmzidir. Təsаdüfi dеyil ki, bu fаni dünyаdа bir-birinə həsrət qаlаrаq hicrаn оdundа yаnıb-yахılаn bu аşiqlər öləndən sonra bir qəbirdə dəfn еdilir, əbədiyyət аləmində qоvuşаrаq bir оlurlаr.
Ümumiyyətlə, Füzuli poeziyasında ilahi və dünyəvi eşq anlayışları bir-biri ilə sıx bağlıdır və bu bağlılıq poetik məna sistemi yaradır. Onun yaradıcı düşüncəsində sevgiliyə müraciət, gözəlliyin tərənnümü, ayrılıq iztirabı və vüsal arzusu zahiri baxımdan insani məhəbbətin ifadəsi kimi görünsə də, həmin hisslər çox zaman daha geniş mənəvi və fəlsəfi məzmun qazanır. Eşq Füzulidə insanın varlığını mənalandıran, onu öz mənliyindən və maddi dünyanın məhdudiyyətlərindən uzaqlaşdıran bir qüvvəyə çevrilir. Bu yanaşma onun əsərlərinin ideya və obrazlar sisteminə də güclü təsir göstərir: aşiq fədakarlığın, sədaqətin və mənəvi dözümün daşıyıcısı, məşuq isə gözəlliyin və əlçatmaz kamilliyin rəmzi kimi təqdim olunur.
Ataəmi Mirzəyev Füzulinin klassik Şərq poeziyasının möhkəm kanonlarına, formalarına və mövzu dairəsinə dərindən bələd olması, eləcə də bu ənənələri mükəmməl şəkildə mənimsəyən ənənəvi şair olmaqla yanaşı, həmin qəliblərə canlı insan nəfəsi, səmimi dünyəvi duyğular gətirən novator sənətkar olmasına da toxunub.
"Bu iki cəhət onun yaradıcılığında bir-birini tamamlayaraq Füzuli fenomenini yaradır. Füzuli klassik Şərq poeziyasının ənənələrinə bağlı bir sənətkar kimi, demək olar ki, divan şeirinin bütün əsas formaları olan qəzəl, qəsidə, qitə, rübai, müxəmməs, təxmis, tərcibənd, müsəddəs və s. janrlarında mükəmməl sənət əsərləri yazmışdır. O, klassik şeir üçün səciyyəvi olan əruz vəzninin çeşidli bəhrlərindən, zəngin qafiyə və rədif sistemindən böyük sənətkarlıqla istifadə etmişdir.
Füzuli yaradıcılığı klassik Yaxın və Orta Şərq ədəbiyyatının ənənəvi motivləri, mövzu və obrazlar sistemi üzərində qurulub. O, Nizami Gəncəvi, Xaqani Şirvani, Əbdürrəhman Cami, Əlişir Nəvai, Hafiz Şirazi, İmadəddin Nəsimi kimi sələflərinin yaratdığı ədəbi-estetik ənənələri böyük sənətkarlıqla davam və inkişaf etdirmişdir".
Beləliklə, Məhəmməd Füzuli dedikdə dünən kimi, bu gün və böyük mənada, sabah da Şərq ədəbiyyatının, türk dünyasının və Azərbaycan söz sənətinin böyük ədiblərindən biri, sarsılmaz poetik zirvəsi xatırlanır və xatırlanacaq. Çünki onun yaradıcılığı klassik poeziyanın əsaslı mərhələsi olmaqla yanaşı, əsrlərin yaddaşından süzülüb keçərək yaşayan, zamanı aşan mənəvi-bədii irs kimi əbədiyyət qazanmışdır.
Onun şeirlərində insan duyğularının zənginliyi, eşqin müxtəlif qatları, mənəvi axtarışlar, həyat və insan haqqında fəlsəfi düşüncələr bütöv bir poetik dünyaya çevrilir. Məhz buna görə də Füzulinin poetik təfəkkürü yüzillər ötsə də, solmur, öz estetik qüdrətini, mənəvi çəkisini və sehrini hər zaman qoruyub saxlayır.
Füzuli hər əsrdə yenidən kəşf olunan, oxunduqca dərinliyi ilə heyrət doğuran zəmanəsiz bir söz ustadı olmaqla türk və Şərq mədəniyyətinin ən qiymətli xəzinələrindən biri kimi yaşayır, əsrlərin fövqündə dayanan mayak kimi sözün yaşadığı, hiss edildiyi hər yerdən görünür.









