
Hüquqinfo.az bildirir ki,
“Sabah” klubunun Çempionlar Liqasında keçirəcəyi dörd ev oyunu üçün satışa çıxarılan vahid biletlər qısa müddətdə tükənib. Bildirilib ki, biletləri əldə edən azarkeşlər komandanın evdə keçirəcəyi dörd qarşılaşmanın hamısını izləyə biləcəklər. Lakin biletlərin dörd oyunu əhatə edən paket şəklində satışa çıxarılması ayrı-ayrı qarşılaşmalar üçün bilet almaq istəyən digər azarkeşlərin imkanlarını məhdudlaşdırıb. Nəticədə bir çox azarkeş oyunları stadiondan izləmək üçün bilet əldə edə bilməyib. Bu satış strategiyası bəzi azarkeşlər arasında narazılıq yaradıb
Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, bu, bir biletlə bütün oyunları izləməyə imkan verən layihədir:
“Mənə görə, normal layihədir. Yəni 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda doluluğu təmin etmək üçün atılmış addımdır. Komanda yalnız “Barselona” və digər seçilmiş böyük komandalarla oynadığı zaman stadionun dolu olması düzgün deyil. Çünki azarkeşlər böyük komandalarla oyunlara daha çox maraq göstərirlər, digər komandalarla qarşılaşmalarda isə stadion, adətən, boş qalır. Bu da komandaların oyununa təsir edir. Stadion böyük olduğuna görə orada azarkeş dəstəyi çox vacibdir”.
K.Məstəliyev bildirib ki, dörd qarşılaşmada azarkeş doluluğunu təmin etmək üçün belə bir addım atılıb:
“Bu o demək deyil ki, digər matçlara ayrıca bilet satılmayacaq. Hər oyun üçün ayrıca bilet satışı da təmin ediləcək. Sadəcə, 4 bileti almaqla bütün oyunlara daxil olmaq mümkün olacaq. Hər matç üçün ayrıca bilet satışı da olacaq. Azarkeşlər həmin biletləri alaraq oyunları izləmək imkanı əldə edəcəklər”.
Kənan Məstəliyev deyib ki, təxminən 10 faiz bilet kombo tərzində satışa çıxarılıb və yaxşı da satılıb:
“Əgər satış bu tempdə davam etsə, ayrı-ayrı oyunlara bilet satışı təmin edilməyə bilər. Yəni vəziyyətə uyğun hərəkət edəcəklər. Bundan sonra biletlərin ayrı satılıb-satılmaması gedişata uyğun qərarlaşdırılacaq”.








