
Hüquqinfo.az bildirir ki,
Süni intellekt (AI) texnologiyaları üzərində nəzarətin itirilməsi bütövlükdə bəşəriyyət üçün təhlükə yarada bilər.
"Hüquqinfo.az"un məlumatına görə, bunu ABŞ-ın texnologiya şirkəti Anthropic-in baş direktoru Dario Amodei BMT Təhlükəsizlik Şurasının süni intellekt məsələlərinə həsr olunmuş iclasında deyib.
"Mən hətta hesab edirəm ki, süni intellekt bütövlükdə bəşəriyyət üçün təhlükə yarada bilər", – deyə Amodei bildirib.
Onun sözlərinə görə, süni intellekt son dərəcə sürətlə inkişaf edir. Cəmi dörd il əvvəl bu texnologiyalar kod sətirlərinin yazılması və yuxarı sinif şagirdləri səviyyəsində riyazi məsələlərin həlli kimi tapşırıqların öhdəsindən güclə gəlirdisə, hazırda süni intellekt Anthropic şirkətində yazılan kodların böyük hissəsini hazırlayır və uzun müddət həll olunmamış hesab edilən mürəkkəb riyazi məsələləri də həll edə bilir.
Amodei qeyd edib ki, süni intellektin inkişafı indiki templə davam edərsə, artıq yaxın bir-iki il ərzində, hətta daha əvvəl, onun "məlumat mərkəzində yerləşən dahilər ölkəsi" adlandırdığı səviyyəyə çatması mümkündür.
Anthropic rəhbərinin sözlərinə görə, qabaqcıl süni intellekt modelləri bəşəriyyətə böyük fayda gətirmək potensialına malik olsa da, ciddi risklər də yaradır. O, əsasən iki kateqoriya təhlükəni qeyd edib: süni intellektdən qeyri-düzgün istifadə, o cümlədən bioterrorçular tərəfindən bioloji silahların hazırlanması üçün yararlanılması, həmçinin texnologiyalar üzərində nəzarətin itirilməsi ehtimalı.
Amodei bildirib ki, Anthropic şirkəti istehsal etdiyi texnologiyaların təhlükəsizliyini təmin etmək üçün süni intellektin inkişaf tempini "lazım olduğu qədər yavaşlatmağa" hazırdır.
Bununla yanaşı, o vurğulayıb ki, süni intellektlə bağlı problemlərin həlli yalnız bir şirkətin imkanları çərçivəsində deyil. Onun fikrincə, bu məsələlər sənaye üzrə geniş əməkdaşlıq və qlobal yanaşma tələb edir.









