
Hüquqinfo.az bildirir ki,
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Serbiyanın Neft Sənayesinin (NIS) fəaliyyət lisenziyasının müddətini oktyabrın 30-dək uzadıb.
Bu barədə "Hüquqinfo.az"un Balkan bürosuna Serbiyanın Mədən sənayesi və Energetika Nazirliyi məlumat verib.
Bildirilib ki, lisenziyanın uzadılması NIS-in fəaliyyətini və Pançevo neft emalı zavodunun işini davam etdirməsinə imkan verir.
Mədən sənayesi və energetika naziri vəzifəsini texniki mandat çərçivəsində icra edən Dubravka Cedoviç Handanoviç bildirib ki, xüsusilə qış mövsümünün yaxınlaşması fonunda lisenziyanın daha 30 gün uzadılması Serbiya üçün mühüm addımdır: "Vəziyyət hələ də çox mürəkkəbdir. Buna geosiyasi şərait, enerji daşıyıcılarının qiymətlərinin artması, logistika çətinlikləri, Dunayda su səviyyəsinin aşağı olması və neft məhsullarının idxalı ilə bağlı problemlər təsir edir".
O qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar dövlət ehtiyatlarından 5 min ton dizel yanacağı bazara çıxarılıb və aksiz vergilərinin azaldılması tədbiri davam etdirilir.
Nazirin sözlərinə görə, yeni lisenziya Pançevo neft emalı zavoduna dizel, benzin, kerosin və mazut daxil olmaqla, mümkün qədər çox neft məhsulu istehsal etməyə imkan verəcək.
Handanoviç həmçinin bildirib ki, OFAC ilə Macarıstanın MOL şirkəti arasında NIS-lə bağlı mümkün sövdələşmə üzrə danışıqlar davam edir.
"Əgər MOL NIS-i alsa və ABŞ bunu təsdiqləsə, səhmdarlar arasında razılaşma ilə bağlı üzərimizə düşən işi başa çatdırmışıq. Həmin vaxta qədər bazarın tam təminatını qorumaq, qiymətləri nəzarətdə saxlamaq və mümkün pozuntular zamanı operativ reaksiya vermək üçün bütün zəruri tədbirləri görəcəyik", - nazir əlavə edib.










