
Hüquqinfo.az bildirir ki,
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Benin Respublikasının xarici işlər naziri Korin Amori Brünet ilə görüşüb.
“Hüquqinfo.az” XİN-ə istinadən xəbər verir ki, görüşdə xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin təsis edilməsi, beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələndirmənin dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı iqtisadi və humanitar əməkdaşlıqdan, eləcə də, əsas inkişaf sahələri üzrə imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıblar.
Görüşdən sonra nazirlər “Azərbaycan Hökuməti ilə Benin Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün qarşılıqlı viza tələbindən azad etmə haqqında Saziş”i imzalayıblar.
Bu saziş yüksək səviyyəli təmasları asanlaşdırmaq və uzunmüddətli diplomatik tərəfdaşlığı inkişaf etdirmək üçün institusional hüquqi baza yaradır.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər, ticarət və Barbuda məsələləri üzrə naziri Everli Pol Çet Qrin ilə də görüşüb.
Tərəflər Azərbaycan və Antiqua və Barbuda arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviq edilməsinin və mövcud əməkdaşlığın BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli formatlardan kənarda da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər “Azərbaycan Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün qarşılıqlı viza tələbindən azad etmə haqqında Saziş”i və “Azərbaycan Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında ümumi pasportlara malik şəxslər üçün qarşılıqlı viza tələbindən azad etmə haqqında Saziş”i imzalayıblar.
Bu mühüm sənədlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, turizmin təşviqinə və xalqlar arasında rəsmi və insanlararası təmasların asanlaşdırılmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib.
Ceyhun Bayramov sessiya çərçivəsində Sent-Kits və Nevisin xarici işlər, beynəlxalq ticarət, sənaye və ticarət, istehlakçıların hüquqlarının müdafiəsi, iqtisadi inkişaf və investisiyalar üzrə naziri Denzil Llevellin Duqlasla da görüşüb.
Tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıb, siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşviqi və BMT, eləcə də, Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində institusional əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələrdən sonra nazirlər “Azərbaycan Hökuməti ilə Sent-Kits və Nevis Federasiyası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün qarşılıqlı viza tələbindən azad etmə haqqında Saziş”i imzalayıblar.
Bundan əlavə, tərəflər “Azərbaycan Hökuməti ilə Sent-Kits və Nevis Federasiyası Hökuməti arasında ümumi pasportlara malik şəxslər üçün qarşılıqlı viza tələbindən azad etmə haqqında Saziş”i imzalayıblar.
Bu sazişlərin iki ölkə arasında rəsmi səfərləri daha da asanlaşdıracağı, diplomatik təmasları genişləndirəcəyi və insanlararası əlaqələri gücləndirəcəyi bildirilib.









