
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Trampın yanında fəaliyyət göstərən Sülh Şurası Qəzza zolağının bərpası üçün 2,45 milyard dollar dəyərində altı aylıq plan təqdim edəcək.
"Hüquqinfo.az" "Axios"a istinadən xəbər verir ki, sənəd müvəqqəti sığınacaq, dağıntıların təmizlənməsi, xəstəxanaların bərpası, iqtisadiyyatın inkişafı və çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi xərclərini nəzərdə tutur.
"Bu plan sıfırdan hökumətin necə qurulacağını, dağıntılar içində iqtisadiyyatın necə bərpa ediləcəyini və fəlakətdən sonra ərazinin necə yenidən qurulacağını göstərir", - Sülh Şurasının nümayəndəsi bildirib.
Şura hesab edir ki, oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərdən və ölkənin yeni hökumətinin formalaşmasından sonra Qəzzanın bərpası prosesi başlaya biləcək.
Təklif infrastruktura təxminən 1 milyard dolların və təhlükəsizliklə bağlı layihələrə, o cümlədən Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün bazalara və Fələstin polisinin maaşlarına, habelə HƏMAS-ın tərksilah edilməsi prosesi çərçivəsində silahların geri alınması üçün vəsaitlərə daha 885 milyon dolların ayrılmasını nəzərdə tutur.
Plana əsasən, Qəzza zolağındakı fiziki zərər 35,2 milyard dollar olaraq qiymətləndirilir, növbəti onillik ərzində ərazinin tam bərpası və yenidən qurulması üçün isə təxminən 71,4 milyard dollar tələb olunacaq.










