
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Basketbol Federasiyasının (ABF) son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbiri baş tutub.
29 sentyabr "Four Seasons" otelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2026/27 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbir baş tutub. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, universitet rektorları, rəsmi tərəfdaşlar, federasiya əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.
İlk olaraq federasiyanın mətbuat katibi Sənan Əliyev son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
Daha sonra isə açılış nitqi ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunub və yerli çempionatın daha da rəqabətli olmasından danışıb:
"Basketbolun ölkəmizdə kütləviləşməsi və klubların dayanıqlı inkişafı bizim üçün əsas prioritetdir. Basketbol Federasiyası olaraq davamlı nəticə əldə etmək üçün ikirəqəmli müddət gərəkdir. Biz harada qısa müddətdə uğur qazanmaq imkanımızın olduğunu yaxşı anlayırıq. 3x3 qadın basketbolu buna əsas nümunədir. ABL-də iştirak edən 4 klubun Avrokuboklarda mübarizə aparmasını da nəzərə alsaq, 8 klublu bu çempionat ötən mövsümlərlə müqayisədə daha da rəqabətli olacaq."
Tədbirin sonunda federasiya prezidenti Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına və hakimlərə xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha da maraqlı olacağına inandığını bildirib.
Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü 30 sentyabr tarixində start götürəcək.









